Hər uşağı olana 1 it hədiyyə!

Tayvanda əhali sayını artırmaq üçün plan hazırlanıb

Tayvanda son illərdə doğum statistikası xeyli aşağı düşmüş vəziyyətdədir

 Tayvanda doğum faizini artırmaq üçün açıqlanan şərt eşidib-bilənləri heyrətə gətirir.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Tayvanda doğulan hər körpəyə bir it bağışlanacaq. Bu, hökumətin qərarı deyil. Belə bir “müjdəli” xəbərlə Tayvanda prezidentliyə namizədliyini irəli sürmüş Terri Gou çıxış edib. Tayvanda son illərdə doğum statistikası xeyli aşağı düşmüş vəziyyətdədir. 

Bu isə hökuməti narahat edir. Tayvan hökuməti əhali yaşlanmasının  ölkənin iqtisadi və hərbi gücünü zəiflədəcəyindən ehtiyat edir. Ailələrin körpə istəməməsinin səbəbləri isə yaşayış xərclərinin yüksək olması, körpələrə qulluq göstərməkdə mövcud olan çətinliklərdir. Ailənin maddi təminatı üçün evli cütlüklər çox işləməli olur, bu isə uşaqlara qulluq məsələsində çətinlik yaradır. 

Odur ki, gənclər körpə dünyaya gətirmək istəmir. Bəs niyə it hədiyyəsi? Məsələ burasındadır ki, Tayvan əhalisi evdə heyvan bəsləməyə daha meyillidir, nəinki körpə dünyaya gətirməyə. Bununla bağlı hesabatlar var və hesabatlara görə, bir çox insan evdə heyvan bəsləməyi körpəyə qulluq etməkdən üstün tutur.

 Prezidentliyə namizəd olan Terri Gou “Apple” markasının Tayvandakı tədarükçüsü “Foxconn” şirkətinin sahibidir. Prezidentliyə namizəd ölkədə doğum faizini artırmaq üçün evli çütlüklərə belə bir təkliflə çıxış edib: bir körpə müqabilində bir it və ya pişik həmin ailələrə ödənişsiz olaraq hədiyyə ediləcək. T.Gou bunu Tayvanın Taipei ibadətgahında çıxışı zamanı deyib. T.Gou hesab edir ki, bu təklif ailələrə körpə dünyaya gətirməyə motivasiya edəcək. Prezidentliyə namizəd deyib ki, ölkədə 6 yaşına qədər uşaqlara qulluq göstərilməsində valideynlərə güzəştlər tətbiq edilməsini nəzərdə tutan təkliflər verib, lakin hökumət qəbul etməyib.