Alimləri təəccübləndirən kəşf

Quşabənzər dinozavr tapıldı

  Çinin Fucien əyalətində uzun ayaqlı və quşa bənzəyən kiçik dinozavr qalıqları aşkarlanıb. “Sherg.az" “NTV.cm.tr”yə istinadən bildirir ki, Çin alimləri arxeoloji qazıntılar zamanı aşkarlanmış qalıqları morfoloji təkamülə, quşların ən erkən təkamül dövrünə işıq salan tapıntı adlandırıb. CNN-nin xəbərinə görə, “Fucienli qəribə ovçu” mənasında “Fujianvenator prodigiosus” adı verilən dinozavrın Son Yura dövrünə (148-150 milyon il əvvəl) hazırkı Çinin Fucien əyalətində yaşadığı bildirilib. Dinozavrı digər həmcinslərindən fərqləndirənsə ayaqlarının çox uzun olmasıdır. Pekin Onurğalı Paleontologiya və Paleoantropologiya İnstitutunun professoru Min Vang təxminən 640 qram ağırlıqda olan qalıqların quşların əmələ gəlməsi ilə bağlı mülahizələrə aydınlıq gətirdiyini deyib. Professor qeyd edib ki, bu qalıqlar quşların ən erkən dövrünə işıq salır. Lakin bu dinozavr növünün uçmaq xüsusiyyətinin olub-olmadığı hələ müəyyənləşməyib. Professor deyib ki, dinozavrın uzun ayaqları hazırda bir çox heyvan növündə rast gəlinir. Onlar əsasən bataqlıq ərazilərdə yaşayanlar və sürətlə qaçanlardır. Bu növ dinozavrların da bataqlıq ərazilərdə yaşadığını və sürətli qaçışa sahib olduqlarını söyləməyə əsas verir. Durna, leylək kimi quşlar da uzun ayaqlara sahibdirlər. Bu da dinozavrın göllər, gölməçələr olan ərazilərdə yaşamış olduğuna işarə edir. Professor aşkarlanmış dinozavr qalıqlarının quşların əcdadına işarə etdiyini vurğulayıb.