Səudiyyə Ərəbistanının Fələstindəki ilk səfiri Nayif bin Bəndər əs Sudeyrinin başçılıq etdiyi nümayəndə heyətinin dünən iki günlük rəsmi səfər üçün İordan çayının qərb sahilinə getdiyi bildirilib.
Bu, 1993-cü ildə Oslo razılaşmasının imzalanmasından sonra Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Qərb Sahilinə ilk səfəridir.
Sudeyri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb, prezident Mahmud Abbas tərəfindən qəbul edilib və etimadnaməni təqdim edib.
Həmçinin Sudeyrinin baş nazir Məhəmməd Ştiyye ilə də görüşü planlaşdırılır.
Qeyd edək ki, ötən ay Fələstin ərazilərinə qeyri-rezident səfir və Qüdsdəki baş konsul təyin edilən Sudeyrinin Ramallah səfəri ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlara rəhbərlik etdiyi dövrə təsadüf edib. Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün Fələstinin lehinə güzəştlər tələb edir.
Prosesləri “Sherg.az”a dəyərləndirən politoloq Aytən Qurbanova deyib ki, İsrailin indiki şəraitdə Fələstin lehinə hansısa güzəşt edəcəyini düşünmür:
“Hadisələrin tarixi gedişatına nəzər yetirsək, görərik ki, İsrail tərəfindən belə bir güzəşt və ya Fələstin dövlətinin yaradılması istiqamətində ən real addım baş nazir İshaq Rabinin dövründə olub. Məhz bu yanaşmanın təbii yekunu olaraq da, 1993-95-ci illərdə tərəflər arasında birinci və ikinci Oslo razılaşmaları imzalanıb. Amma təəssüflər olsun ki, baş nazirin məhz Oslo razılaşmalarının əleyhinə olduğu iddia edilən bir ifrat sağçı yəhudi tələbə tərəfindən sui-qəsd nəticəsində öldürülməsindən sonra bu razılaşmalar da sadəcə imzalanmış mətndən ibarət kağız parçası olaraq qaldı. Beləliklə də, sülh danışıqlarını davamlı qarşıdurmalar və nifrət zəminində çıxışlar əvəz etməyə başladı”.
Xanım analitikin sözlərinə görə, bugün Səudi Ərəbistan başda olmaqla Ərəb ölkələrinin bəziləri İsrail ilə münasibətlərin normallaşması prosesinə başlamaqla yanaşı Ərəb Liqasının Fələstin məsələsi ilə bağlı mövqeyinə də sadiq qaldıqlarını ifadə edirlər:
“Belə olan təqdirdə münasibətlərin iki fərqli istiqamətdə balanslaşdırılmış şəkildə formalaşdırılması tərəflər üçün arzuolunan çıxış yolu olaraq görülür. Səudi Ərəbistanın atdığı addımlar buna ən bariz nümunədir. Bir tərəfdən Amerikanın vasitəçiliyilə İsrail ilə münasibətləri normallaşdırır, digər tərəfdən isə Səudi Ərəbistanın Fələstinə təyin olunan ilk fövqəladə və səlahiyyətli səfirinin İordan çayının Qərb sahilinə səfəri çərçivəsində Fələstinin ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığı mesajını verir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Səudi Ərəbistan-İsrail münasibətlərinin normallaşmasının bu gün olmasa da, gələcək perspektivdə Fələstin-İsrail danışıqlarında yeni bir vasitəçilik imkanları yarada biləcəyini ehtimal etmək olar”.