Qanun və qaydaların olmadığı Slab şəhəri

Təqaüdçülərin yaşadığı bu şəhərdə vergi yoxdur

  Bu şəhərdə təqaüdçülər yaşayır. Yay aylarında 150 nəfər, qışda isə 2 minə yaxın əhalisi olan şəhərin həyatı barədə “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir. Bu şəhər ABŞ ilə Meksika sərhədindəki Slab Sity – Slab şəhəridir. Ərazisi 640 kv-kilometrdir. Bu şəhərdə tərini, bəli, səhv anlamadınız, məhz tərini satıb qazanc əldə edən adam var. Onun adı Zakaridir. Şəhərin özəllikləri isə saya-hesaba sığmır. Bura vaxtilə ABŞ Dəniz piyadalarının hərbi bazası olub. 1940-cı illərdə burada laboratoriya da fəaliyyət göstərib. Lakin İkinci Dünya müharibəsindən sonra laboratoriya ləğv edilib, hərbi baza da ərazidən köçürülüb. Sakinlərsə qəsəbəni yaşayış məskəninə çeviriblər. Kimin əlinə nə keçdi, ev tikib. “Gecəqondu” evlər çoxdur. Köçkünlər bura gəlib, turistlərin də maraq dairəsində olub. Bəziləri buranı “dünyanın sonuncu azad məkanı” adlandırır. Burada elektrik enerjisi, içməli su, kanalizasiya yoxdur deyə işığa, suya, zibillərin toplanmasına görə pul da toplanmır. Nə polis var, nə vergi sistemi. Hər tərəfdə sahibsiz itlər dolaşır. Qışda əhali sayı çox olur. Yayda isə temperatur yüksək olduğundan sakinlər bölgəni tərk etməyə çalışır. Oğurluq artır, narkomaniya yayılır, ekoloji fəlakət yaşanır. Məhəllələr fərqlidir, hərəsinin öz “qanunları” var. 2020-ci ildə şəhər 2 hissəyə bölünüb. Şəhərin bir hissəsində əsasən təqaüdçülər məskunlaşıb. Zakari adlı təqaüdçü də şəhərin bu hissəsində yaşayır. Onun qazanc mənbəyi isə bədənindən çıxan tərdir. “Daly Star”a danışan Zakari deyib ki, hava istidir deyə həddindən artıq tərləyir. Tərləyən zaman da məlumdur ki, bədəndən duzlar xaric edilir: “Mənim karvan avtomobilimi oğurladılar. Hər dəfə bir əşyamı oğurlayırlar. Burada kimsə kimsənin haqqını tanımır. Oğurladınsa, sənindir. Çıxış yolunu tərimi satmaqda tapmışam. Tərləyəndə dərimi qaşıyıram, çıxan suyu bir qaba toplayıb sonra qaynadıram. Orada testesteron hormonu və duz qalır. Bunlara ehtiyacı olanlar var. Mən də satıram”.