Peter Siyarto: “Türk dövlətləri Avropanın yeni təhlükəsizlik arxitekturası üçün vacibdir”

“Ukraynadakı müharibə daxil olmaqla, mövcud geosiyasi çağırışlar fonunda Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması üçün Türkiyənin və türk dövlətlərinin iştirakı vacibdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Qazaxıstanın “Silk Way” televiziya kanalına müsahibəsində deyib.

“Hesab edirik, Türkiyə və türk dünyası olmadan Avropada dayanaqlı təhlükəsizlik arxitekturası olmayacaq. Bu davamlı strategiyanın həyata keçirilməsi üçün Türkiyə və türk dövlətlərinin, xüsusən də Mərkəzi Asiya ölkələrinin iştirakı lazımdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Asiyada təhlükəsizlik nəzərə alınmadan Avropada təhlükəsizlik təmin olunmayacaq və heç vaxt reallığa çevrilməyəcək: “Buna görə də bizim əməkdaşlıq əlaqələrimiz gələcəkdə daha sıx və möhkəm olmalıdır”.