Hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell deyib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin pozulması qəbuledilməzdir . Borrell bunun Azərbaycan üçün “ağır nəticələrə” gətirib çıxaracağını bəyan edərək rəsmi Bakıya hədələyici xəbərdarlıq edib. Azərbaycan tərəfi Avropa diplomatiyasının rəhbəri Cozep Borrellin bəyanatının qəbuledilməz olduğunu bildirib. Rəsmi Bakı bu açıqlamanı Avropa İttifaqının “qərəz və ikili standartlarının” parlaq nümunəsi adlandırıb. Vurğulanıb ki, Borrellin bəyanatları regiondakı reallıqları əks etdirmir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Cozef Borrellin son açıqlaması Qərbin “Azərbaycanın Ermənistana hücum edəcəyi” ittihamını informasiya müstəvisindən rəsmi səviyyəyə yüksəltməsi deməkdir. Analitikin fikrincə, qəribə situasiya yaranıb:
"Rəsmi Bakı hansısa hücum hazırlığının olmadığını deyir. Hətta “hücum ittihamlarının” istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağın itdiyini bəyan edir. Qarabağda antiterror tədbirlərindən sonra hərbi müstəvidə də hansısa hərəkətlilik yoxdur, əksinə, Azərbaycan sülh gündəliyini önə çıxarıb. Buna rəğmən, ittihamlar dayanmır, daha da artır və Bakının bütün açıqlamaları, təkzibləri gözardı edilir. Bütün bunlar Cənubi Qafqazda müəyyən ssenarilərin tətbiqinə hazırlığın tərkib hissəsidir və hədəf məlumdur. Cari hədəf Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək, ortamüddətli hədəf isə Rusiyanı Ermənistandan çıxarmaq, bölgədə mövqelərini zəiflətməkdir. Həmçinin dəhlizlər uğrunda mübarizədə Orta dəhlizin önünü kəsmək üçün yeni münaqişə ocağı yaratmaq, bu marşrutda təsir imkanları qazanmaqdır. Cari hədəf istiqamətində intensiv addımlar atılır. Fransa Ermənistanın silahlandırılmasını və ordusunun yenidən dizayn edilməsini üzərinə götürüb. Avropa İttifaqının müşahidə missiyasının sayı artırılır. Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması NATO-nun bu missiya adı altında Ermənistana daxil olması kimi də qəbul edilə bilər".
Ekspert düşünür ki, Ermənistana hərbi yardım təkcə Fransa ilə məhdudlaşmır və Aİ Sülh Fondu çərçivəsində prosesə qoşulur: "Qərb İrəvan üzərindən bölgədə möhkəmlənərkən, Moskvanın əks-həmlələrinin də qarşısını almalıdır. Rusiyanın Ermənistandakı təhlükəsizlik rolunu sıradan çıxarmaq və onun yerini tutmaq üçün əsas bəhanə lazımdır. Bu hədəfə aparan yolda Azərbaycanın vasitə olaraq seçildiyi görünür. Hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil. Bakının bütün təkziblərinin, rəsmi açıqlamalarının gözardı edilərək, irəli sürülən “Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibi” yaradılmasına hesablanıb. Borrellin timsalında ittihamın rəsmiləşdirilməsi prosesdə təxribat mərhələsinə keçildiyi, yaxud yaxın dövrdə keçiləcəyi ehtimalını ön plana çıxarır. Bu kontekstdə əsas diqqətçəkən məqam Nikol Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitdə iştirakdan imtina etməsidir. Nikol anlayır ki, bu, Rusiyanın təzyiqinin artmasına səbəb olacaq və sammit gününə qədər, eləcə də ondan sonra Moskva-İrəvan xəttində kəskinləşməni gücləndirəcək. Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması ssenarisi də həm Moskvanı qabaqlamaq, həm də İrəvanın təşkilatdan çıxmasını aktuallaşdırmaq məqsədilə məhz KTMT-nin sammiti ərəfəsində tətbiq edilə bilər. Mümkün təxribat ssenarisində proseslərin nəzarətdən çıxması və genişmiqyaslı hal alması gözləntisi də var. Əslində, Orta dəhliz üzərində qanlı toqquşma planlarında hədəflərdən birinin bu olduğu da istisna edilməməlidir".