Kremldə əminlik və plan var
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Avropa Birliyi Rusiyanı cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir: "Amma onların bu niyyətləri alınmayacaq. Biz tarixən burdayıq və heç yana getmirik”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, hazırda Rusiyanı təkcə Avropa Birliyi deyil, həm də ABŞ həm Cənubi Qafqazdan, həm də Orta Asiyadan çıxartmaq istəyir. Politoloqa görə, Sergey Lavrovun çıxışı onu göstərir ki, Moskvanın da Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı planları var:
"Kreml bu planı necə həyata keçirəcək, bəlli deyil, ancaq əminliklə deyirlər ki, Qərbin niyyəti alınmayacaq. "Biz tarixən buradayıq və heç yana getmirik" deyən Lavrovun özündən razı danışması göstərir ki, Rusiyanın çox ciddi planları mövcuddur. Məsələ ondadır ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada nüfuz savaşı gedir. Bu nüfuz savaşında Rusiya-Çin cütlüyü ilə ABŞ-Avropa Birliyi üz-üzə durub. Hadisələrin gedişi pat vəziyyətin yarandığını göstərir. Amma bu şəkildə davam edərsə, Rusiya çalışacaq ki, mümkün qədər üstünlüyü ələ alsın".
Professorun qənaətincə, Azərbaycanın mövqeyi odur ki, nə Rusiya, nə də Qərblə münasibətlərə ciddi xələl gəlsin: "Bakı balanslaşdırılmış siyasət yürütməyə çalışır. Əslində isə Rusiya və ABŞ qarşıdurmasının hansı istiqamətdə hərəkət edəcəyini görmək mümkündür. Düzdür, indiki halda Amerika prezidentinin həyata keçirdiyi siyasət Vaşinqton üçün problemlər yaradır. Lakin ABŞ-də oturuşmuş sistem, "dərin dövlət" var. Baxaq görək, Amerika Rusiyanı bir sıra bölgələrdən sıxışdırmaq siyasətini necə həyata keçirəcək?".