Hindistan səfəri təsadüfi deyil
Böyük dövlətlər Yaxın Şərqdə hazırkı gərgin vəziyyətdən çıxış yolları axtarırlar. ABŞ-nin səyləri hələ ki, nəticə vermir. Rusiya Ukrayna müharibəsi fonunda Yaxın Şərqdəki hadisələrə müdaxilə edə bilmir. Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır. Çin də Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirir.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a vurğulayıb ki, Çinin resurslara ehtiyacı var və həmin resurslar hansı bölgədə varsa, Çin orada fəal siyasət yürütməyə çalışır. Ekspert deyib ki, Pekin üçün belə bölgələrdən biri Yaxın Şərqdir:
"Çin üçün Sakit Okean bölgəsindən sonra ikinci ən vacib bölgə Yaxın Şərqdir. Yaxın Şərq ölkələri Vaşinqtondan sonra Pekinlə sıx əməkdaşlığa üstünlük verirlər. Pekin Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının əsas rəqibinə çevrilib. Halbuki “soyuq müharibə” illərində ABŞ-nin Yaxın Şərqdəki əsas rəqibi keçmiş SSRİ idi. Rusiya Yaxın Şərqdə SSRİ-ni əvəz etmək gücündə deyil. Rusiyanın gücü sadəcə, Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə çatır. Çin 2013-cü ildə “bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış edib. Çin Yaxın Şərqi bu təşəbbüsün bir parçası elan edib. Çində istehsal edilən məhsulların böyük qismi Süveyş kanalı üzərindən Avropa ölkələrinə daşınır. Çin neftə olan tələbatının yarısını Yaxın Şərqdən əldə edir".
Analitikin fikrincə, buna baxmayaraq, Yaxın Şərq ölkələrində Pekinin siyasətindən narazılıq artıb:
“Bir kəmər, bir yol” təşəbbüsünün Yaxın Şərq ölkələrindən çox Çinə fayda gətirdiyini söyləyənlər var. Digər tərəfdən, Çin bu ölkələrdə reallaşdırdığı layihələrə işçi qüvvəsini yerlilərdən yox, çinlilərdən formalaşdırır. Çin bu siyasətini başqa bölgələrdə də reallaşdırıb. Məsələn, Çinin Mərkəzi Asiya ölkələrindəki layihələrinin əksəriyyətində işçi qüvvəsi çinlilərdən formalaşdırılıb. Bu amil Mərkəzi Asiya ölkələrində də narazılıqla qarşılanır, bəzi hallarda işçilər arasında toqquşmalar qeydə alınır. Çin bir ara İsraillə əməkdaşlığını genişləndirməyə çalışıb. Çin 5G sistemini İsraildə tətbiq etmək istədikdə Təl-Əviv Vaşinqtonun təzyiqi ilə Pekinin təklifindən imtina etdi. Vaşinqton hesab edir ki, Pekin 5G sistemini müxtəlif ölkələrdə tətbiq etməklə ABŞ-yə qarşı kəşfiyyat fəaliyyətini genişləndirməyə çalışır. İsraili və ABŞ-ni həm də o narahat edir ki, Çin İranla hərbi sahədə əməkdaşlığa maraq göstərir. Çinin İran ərazisində müxtəlif məqsədli hərbi bazalarının yaradılması imkanları Vaşinqtonda narahatlıqla qarşılanır. Vaşinqtonda düşünürlər ki, Pekin İranla müttəfiqliyi genişləndirməklə Əfqanıstan, Suriya və İraqda da fəallığını artırmağa çalışacaq".
E.Şahinoğlu bəyan edib ki, Vaşinqton Pekinin bu planlarının qarşısını almaq üçün Dehli ilə hərtərəfli tərəfdaşlığını genişləndirməyə qərar verib:
"ABŞ dövlət katibi Antoni Blinkenin bir müddət əvvəl Hindistana səfəri bundan xəbər verir. Blinken Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyiblər. Bu görüş zamanı ABŞ-nin “General Electric (GE) Aerospace” şirkəti ilə Hindistanın Hindustan “Aeronautics Limited” şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair danışıqların gedişi yüksək qiymətləndirilib".