Qəzzadan sonra növbə Hizbullahındır -Politoloq

Təşkilat ya Livana inteqrasiya olunmalı, yaxud silahı yerə qoyub, sivil siyasətlə məşğul olmalıdır


  ABŞ rəsmiləri İsrailin Qəzzada əməliyyatının hazırkı mərhələsinin yanvara qədər davam edəcəyini gözləyir. İddiaya görə, yanvarda HƏMAS yaraqlılarını və liderlərini hədəf alan daha az intensivli, hiperlokallaşdırılmış strategiya başlayacaq. Məlumata əsasən, ABŞ sərt şəkildə İsrailə xəbərdarlıq edib ki, ordu şimalda tətbiq etdiyi dağıdıcı taktikanı təkrarlaya bilməz və mülki itkiləri məhdudlaşdırmaq üçün daha çox işlər görməlidir. Bildirilib ki, minlərlə mülki şəxsin ölümünə səbəb olan quru əməliyyatına dünya ictimaiyyətinin getdikcə daha çox qarşı çıxması ilə əməliyyatı hazırkı formada davam etdirmək və hələ də beynəlxalq dəstəyi saxlamaq üçün vaxt sürətlə azalır. İsrail Baş naziri Benyamin Netanyahu isə bildirib ki, heç bir beynəlxalq qüvvə Qəzza zolağının demilitarizasiyasını təmin etməyə qadir deyil, yalnız İsrail Müdafiə Qüvvələri anklavın demilitarizasiyasına zəmanət verə bilər: "Mən HƏMAS-dan sonrakı günlərdən danışmaq istəyirəm. Qəzza demilitarizasiya edilməlidir. Demilitarizasiyanın qayğısına qalmağa qadir olan yalnız bir qüvvə var. Bu qüvvə İsrail Müdafiə Ordusudur. Heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz". İsrail müdafiə naziri Yoav Qallant isə deyib ki, HƏMAS Qəzzaya nəzarəti itirir. Qeyd edək ki, İsrail ordusu Qəzzada hərbi əməliyyatların 3-cü fazasını başladıb, anklavın cənubunda aktiv döyüşlər gedir. 

  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Qəzzadakı hərbi əməliyyatlar ABŞ tərəfindən koordinasiya olunur. Ekspert deyib ki, Qəzzada HƏMAS-ın mövcudluğu ABŞ-nin Yaxın Şərqdə formalaşdırdığı siyasi nizamı təhdid edirdi:
 "Məhz İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişinin imzalanması Yaxın Şərqdə yeni geosiyasi durumun formalaşmasını hədəfləyir. Bundan narahat olan İran, Çin və Rusiya prosesin qarşısını almaqda israrlıdır. HƏMAS Yaxın Şərqdə digər proksi qüvvələrdən fərqli olaraq müstəqil qərarvermə mövqeyinə və müəyyən dərəcədə hakimiyyətə malikdir. Müharibədən əvvəl HƏMAS-la danışıqlar olub və Qəzzanı təhvil vermək və silahı yerə qoymaq tələb olunub. Qətərdə və Misirdə ABŞ kəşfiyyatı ilə təşkilat rəsmiləri arasında danışıqlar aparılıb. Nəticə etibarilə HƏMAS mübarizədən geri çəkilməyəcəyini vurğulayıb".
  
Analitikə görə, HƏMAS-ın hücumundan Vaşinqton və İsrail kəşfiyyatı məlumatlı olub: 
"ABŞ-nin əsas strateji planı Qəzzadan HƏMAS-ı çıxarıb İsrail sahillərini tam təhlükəsiz vəziyyətə gətirməkdir. Bundan sonra isə "İbrahim" sazişini və Hindistanla İsraili birləşdirən "Baharat" dəhlizinin açılmasını təmin etməkdir. Qəzzadan sonra növbə Hizbullahındır. Hizbullah Livan təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmalı, yaxud silahı yerə qoyub, sivil qaydada siyasətlə məşğul olmalıdır".