Hücum silahlarının göndərilməsi Cənubi Qafqazda qarşıdurmanın yaranmasına hesablanıb
"Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər". Bunu Prezident İlham Əliyev ADA-da keçirilən Forumda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, Fransa və Hindistan Ermənistanda qeyri-real fikir formalaşdırırlar: "Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”. Məlum olduğu kimi Fransa Senatı SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir.
Ermənistanın silahlandırılmasını "Sherg.az"a dəyərləndirən millət vəkili Ceyhun Məmmədov təəssüflə qeyd edib ki, Fransa öz çirkin niyyətlərini və məqsədlərini bölgəmizdə həyata keçirmək üçün Ermənistanı hərbi cəhətdən təchiz etməkdə davam edir. Parlament üzvü vurğulayıb ki, Fransanın Ermənistana hərbi texnikalar göndərməsi, xüsusən hücum silahlarını yollaması Cənubi Qafqazda gərginliyin artmasına, qarşıdurmanın yaranmasına hesablanıb:
"Bu addım regionumuzda gərginliyin artmasına ciddi təsir göstərir. Hazırda Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi bir şəraitdə Fransa İrəvanı yenidən müharibəyə təhrik edir. Əgər rəsmi Paris erməniləri silahlandırmaqla öz məqsədinə nail olacağını düşünürsə, çox yanılır. Bu yanaşma Cənubi Qafqaz regionu ilə yanaşı, həm də Ermənistan dövlətinə və erməni xalqına da təhlükələr, fəlakətlər vəd edir. Bunu İrəvan da dərk etməlidir. Fransa isə bu cür riskli əməllərdən çəkinməli, təxribatlara yol verməməlidir. Başa düşməlidir ki, təxribat cəhdlərinin ciddi nəticələri, fəsadları olacaq. Yaxşı olar ki, Fransa bölgəmizə burnunu soxmaqdan çəkinsin".