Kanamari xalqının hekayəsi maraqlı detallarla doludur
Qəbilə deyildikdə, ilk ağıla inkişafdan uzaq, hər şeydən xəbərsiz və Amazonların dərinliklərində təcrid olunmuş insanlar gəlsə də, kanamarililər bütün bu ənənəni pozurlar. Sosial media hesablarında paylaşımları ilə yanaşı mobil telefondan istifadələri ilə diqqət çəkən tayfanın həm də böyük problemi var.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Amazonun tropik meşələrindəki Javari çayının dərin vadilərində sirli bir tayfa yaşayır. Javari vadisi dünyanın ən təcrid olunmuş əhalisinin yaşadığı yer olsa da, bu yerlilərin sahib olduğu texnologiya çoxlarını heyrətə gətirir. Xarici dünya ilə heç bir əlaqəsi olmadığı halda sosial mediadan istifadə edən ilk qəbilə olan Kanamari xalqının hekayəsində maraqlı detallar var.
Javari çayının Braziliya sahillərində yerləşən kənd əhalisi 200-dən çox olan kanamariləri qəbul etməklə müqavimət mərkəzinə çevrilib. Bu kənd ziyarətçilərə nadir icazə ilə qapılarını açaraq meşələrinə edilən hücumlara qarşı mübarizələrinin şahidi olmaq şansı verir.
Qəbiləyə xüsusi icazə ilə daxil olan “National Geographic” fotoqrafı Linsey Addario gördükləri ilə bağlı bunları söyləyib: "Biz bu əsrarəngiz kənddə yaşayan kanamarililərlə düz 8 gün qaldıq. Şef Mauro Kanamarinin rəhbərliyi ilə onların gündəlik həyatlarını bölüşdük, manyok yığımında iştirak etdik, ovda onları müşayiət etdik. Kənddə meşələrinə şiddətli hücumlardan narahat olan insanların torpaqlarını, həyat tərzlərini qorumaq üçün səy göstərdiklərini gördük”.
Linsey Addarionun sözlərinə görə, şef Mauro Kanamari başda olmaqla Kanamari əhalisi kəndlərinə girən işğalçı balıqçılar və odunçulardan çox narahatdır. İşğalçıların sayının gündən-günə artdığını ifadə edən Mauro, "Bu vəziyyət meşənin və bizə həyat verən valideynimizin həyatını təhlükə altına qoyur. Ağac və təbii sərvət çıxarma fəaliyyətləri təkcə bizi deyil, həm də insanlarımızın sağlamlığını qoruyan təbiəti təhdid edir"-deyə bildirir.
Kanamari qadınları pəhrizlərinin əsasını təşkil edən kök yumrusu olan manyok yığırlar. Kanamarilər əsasən qurudan kənarda yaşayırlar, lakin onlar və onları saxlayan meşə Amazonun təbii sərvətlərini yığmağa can atan kənar şəxslər tərəfindən təhdid edilir. Tayfanın meşəni müdafiə etməsi və qeyd olunan fəaliyyətlərə qarşı çıxması eyni dərəcədə təhlükəlidir. 2022-ci ildə braziliyalı yerli vəkil Bruno Pereyra və britaniyalı jurnalist Dom Filip buna cəhd edərkən cinayətkar qrup tərəfindən çayda vəhşicəsinə öldürülüb.
Bütün bu təhdidlərə baxmayaraq, tayfa başçısı susmamaq və öz torpaqlarını müdafiə etmək əzmindədir. Bunun üçün meşədə müşahidə patrulları təşkil edirlər. Əslində, Kanamarinin silahları işğalçıların silahlarından azdır. Hətta bu vəziyyət belə qəbilə üçün problem yaratmır, çünki onlar qarşıdurmaya girməmək və yalnız tapdıqlarına sahiblənmək fəlsəfəsi ilə hərəkət edirlər. Bəs, həyatda qalmaq üçün mübarizə aparan bu maraqlı tayfa sosial media hesablarında nə paylaşır?
Bu mübarizədə rol oynayan mühüm adlardan biri də Şef Mouronun 20 yaşlı qardaşı oğlu Joao Kanamaridir. Yerli ictimaiyyətlə dünya arasında körpü rolunu oynayan Joao patrulları cib telefonu ilə lentə alır və sosial mediada paylaşır. O, “Bizi görüb kömək etmələrini istəyirik” deyərək hərəkətinə haqq qazandırır. Təhlükəli suları izləməklə, onlar təkcə öz torpağı üçün deyil, həm də dünya üçün mücadilə aparırlar.
Amazon sadəcə tayfa üçün bir yurd yeri deyil, eyni zamanda onların hökuməti, atası və anasıdır. Bu torpaqlar, meşələr yaşamadan dünya yaşaya bilməz. Kanamari xalqı müasir texnologiyadan istifadə edərək, meşələrini və həyat tərzlərini dövrümüzün təhlükələrindən qorumaq üçün beynəlxalq dünyaya çatdırırlar. Bu çağırış Amazonun sirli dərinliklərindən qalxır və dünyanı bu çətin mübarizəni dəstəkləməyə dəvət edir.