Ölən  uşaqların xatirəsinə 8 min cüt ayaqqabı: İşğala son qoyulsun!

İsrailin Qəzzaya şiddətli hücumları 78-ci gündür ki, davam edir. Hollandiyanın Rotterdam şəhərinin Binnenrotte meydanında İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinli uşaqların xatirəsini anmaq üçün tədbir keçirilib. Tədbirdə İsrailin hücumlarında həlak olan uşaqlara diqqət çəkmək üçün meydana təxminən 8 min cüt uşaq ayaqqabısı buraxılıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Zeytun Ağacı Əkmə" Vəqfi tərəfindən Binnenrotte Meydanında təşkil edilən tədbirdə İsrail hücumlarında ölən uşaqları təmsil etmək üçün küçəyə təxminən 8 min cüt uşaq ayaqqabısı döşənib.

Hər 10 dəqiqədən bir sahəyə cüt ayaqqabılar əlavə olunur ki, bu da ərazidə uşaqların öldürülməsinin həyəcan verici tezliyini simvollaşdırır.

"Zeytun Ağacı Əkmə" Vəqfinin direktoru Ester van der Most, "Son 75 gündə Qəzzada 8 mindən çox uşaq öldürüldü. Biz bu ayaqqabıları nə qədər uşaqdan bəhs edildiyinə diqqət çəkmək üçün topladıq.  Biz  öldürülən uşaqlara yas tutmaq və xatırlamaq üçün buradayıq, lakin hər şeydən əvvəl bunları deyirik: "Bəsdir! Fələstinli uşaqları öldürməyi dayandırın. İşğalı dayandırın!"deyə bəyanat verib.

Mərasimdə İsrailin hücumlarında həlak olan minlərlə uşağın adları və yaşları oxunub.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8 mini uşaq olmaqla 20 mindən çox fələstinli həyatını itirib.