106 nömrəli ölüm otağı: Bal ayı zəhərə döndü

 Evləndikdən sonra Kapadokyaya bal ayına gedən 24 yaşlı Mutlu və 27 yaşlı Kader Akbaş cütlüyünün ölümündəki sirr pərdəsi qalxıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, cütlüyün qonaq qaldığı hoteldə aparılan təhqiqat nəticəsində ölümün səbəbi ortaya çıxıb. Kader cütlüyünün toyu mart ayında olub. Toydan sonra təzə bəylə gəlin bal ayı gəzintisinə çıxıblar və Nevşehirin Ürgüp bölgəsindəki bir hoteldə otaq kirayələyiblər. Eyni zamanda uçan şarda səyahətə çıxmaq üçün də turizm şirkəti ilə razılığa gəliblər. Ertəsi gün səyahətə çıxanlardan 2 nəfərin deyilən zamanda məkana gəlmədiyini görən şirkət rəhbərliyi onlara zəng edib, lakin telefonlara zəng çatmayıb. Belə olduqda şirkət əməkdaşı cütlüyün gecələdiyi hotelə gedib. Hotel əməkdaşı cütlüyün qaldığı otağın qapısını döyüb, lakin qapını açan olmayıb. Vəziyyət bu həddə çatdıqda təlaşlanan hotel işçisi qapını ehtiyat açarla açıb və içəri daxil olub. Və cütlüyü hərəkətsiz halda uzanmış vəziyyətdə görüb. Təcili yardım çağırılıb. Hotelə gələn təcili yardım briqadası cütlüyün həyatını itirdiyini müəyyən edib. Bundan sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hotelin sahibi Emin Ağmaz, hotel müdiri Tayfun U. və Əhməd K adlı hotel işçisi saxlanılaraq polis şöbəsinə aparılıb. Nevşehir Cümhuriyyət Başsavcılığı tərəfindən aparılan təhqiqatın nəticələrinə görə, Akbaş cütlüyünün ölümünə səbəb dəm qazından zəhərlənmə olub. Təhqiqatın nəticələrinə əsaslanılaraq 3 nəfər barəsində “ehtiyatsızlıqdan ölümə səbəbolma” maddəsi tətbiq edilərək 22 il 6 ay həbs cəzası verilib. Hotel sahibi E.Ağmaz ifadəsində bildirib ki, 3-4 ayda bir dəfə tüstü bacalarının təmizliyi bir firma tərəfindən aparılır. Firmanın nə dərəcədə təmizlik apardığını bilməyib. Hotel sahibi özünü günahsız sayıb. Şahid ifadələrində isə hotelin qazanxana və bacalarının düzgün şəkildə qurulmadığı, xəbərdarlıq lövhələrinin olmadığı, təlimatlar verilmədiyi, duman və karbonmonoksid detektorlarının da quraşdırılmadığı, qazanxana bacasınını köhnə və çürük olması, əməkdaşlara gərəkən təlimatlar verilmədiyi, qonaqlar və işçilərin də təhlükəsizliyinin təmin edilmədiyi bildirilib.