2024-cü il Zelenskinin sonudur -ŞƏRH

ABŞ və Avropa əvvəlki kimi Kiyevə dəstək verə bilməyəcək

Ona görə bundan sonra sülhlə bağlı çağırışlar çoxalacaq


  Ukrayna Prezidenti Volodimir Zelenski Qərb siyasətçilərini dondurulmuş Rusiya aktivlərini mümkün qədər tez Kiyevə köçürməyə çağırıb. O bildirib ki, Qərb hökumətləri Moskvanın əngəllənmiş aktivlərinin Kiyevə ötürülməsi üçün hüquqi bazanın yaradılması prosesini sürətləndirməlidir. Zelenski ilin sonunadək bu məsələdə irəliləyiş gözlədiyini vurğulayıb. Ukrayna lideri qeyd edib ki, söhbət 300 milyard dollarlıq məbləğdən gedir: "Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin ona ötürülməsi məsələsində G7-yə üzv ölkələrin səylərinə ümid edir". 
  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bildirib ki, Amerika Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək, ancaq bu o demək deyil ki, Vaşinqton Kiyevi 2022-ci və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir. Onun sözlərinə görə, Putin danışıqlara hazır olan adam kimi davranmır və ukraynalıları diz çökdürməyə çalışmaq üçün əlindən gələni edir. Ağ Ev rəsmisi Ukraynaya son hücumları xatırladıb və Rusiya ordusunun cəbhədə uğur qazanmadığını qeyd edib. Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya qvardiyası öz resurslarını, eləcə də, şəxsi heyətini gücləndirir, özəl hərbi şirkətləri quruma cəlb edir. 

  Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Qərb Kiyevə 2022-ci, yaxud 2023-cü ildəki kimi böyük həcmdə hərbi, həmçinin maliyyə dəstəyi verə bilməyəcək. Ekspert xatırladıb ki, Qərb ölkələri öz silah anbarlarındakı köhnə texnikaları artıq Ukraynaya veriblər: 
"Qərb dövlətləri yeni və müasir silahlarla öz hərbi arsenallarını modernləşdirməlidir. Bunun üçün də yeni istehsal prosesi getməlidir ki, o da uzun vaxt və böyük maliyyə tələb edir. Bir neçə aya yeni və modern silah-sursat istehsal etmək mümkün olmayacaq. Bu da o deməkdir ki, 2024-cü il ərzində Qərbin Ukraynaya hərbi yardımlarında müəyyən fasilələr olacaq. Siyasi dəstəklə bağlı da Qərbdə birmənalı mövqe yoxdur və problemlər müşahidə olunmaqdadır. Təkcə Avropada deyil, ABŞ-də belə kifayət qədər təsirli qruplar var ki, onlar Ukraynaya irihəcmli yardımların davamlı olmasına etiraz edirlər. Əvvəlki dönəmdə həmin qrupların səsi o qədər çox çıxmırdı, çünki azlıqda idilər. Amma Senatda, Konqresdə keçirilən seçkilərdən və Avropa ölkələrindəki narazılıqdan sonra həmin dairələrin də səsi gur çıxmağa başladı". 

  Həmsöhbətimiz hesab edir ki, bundan sonra sülhlə bağlı çağırışlar çoxalacaq: 
"Qərb ölkələrinin "Kiyevə hərtərəfli dəstəyi davam edəcək" tipli açıqlamaları təbiidir. Çünki vaxtı ilə həmin dövlətlər Ukraynaya vədlər, ümidlər verərək Kiyevi arxayın ediblər. Ona görə də Qərb ölkələri Ukraynaya dəstəyin azalacağını birbaşa etiraf etmirlər. Ritorikada dəstək çağırışları gündəmdə qalsa belə reallıqda vəziyyət başqa cür olacaq. Qarşıdakı dönəmdə dəstəyin həcmi azalacaq və bu da Kiyevi məcbur edəcək ki, cari siyasətdə dəyişikliklər etsin".