Yeni detal ortaya çıxdı: İstanbulda Qara kərkəs görənləri şoka saldı!

  Bolqarıstan Quşları Qoruma Dərnəyi tərəfindən reabilitasiya edilib təbiətə buraxılan “B10” qeydiyyat nişanlı qara kərkəs quşu İstanbulun Qartal səmtində tapılıb. Quşun yorğun düşdüyü müəyyən edilib. Ehtmal edilir ki, o, uzaq məsafəyə uça bilməyib və İstanbula enib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu qara kərkəs quşu (akbaba) Türkiyə səma sərhədini keçdikdə quş nəzarətçiləri və fotoqraflar tərəfindən təqib edilib, fotoları çəkilib. Yorğun, əldən düşmüş vəziyyətdə olan quşu Böyükçəkməcə tərəflərdə ilk görən fotoqraf Əbdülqadir Abaz və Erdoğan Daşdəmir olublar. Onlar quş üçün yem qoyub, yeyib qüvvət toplamasını gözləyiblər. Sonra təkrar havaya qalxan kərkəs yenə yorğun düşərək bu dəfə Qartal səmtində parka enib. Onun yağışda islandığını və uça bilmədiyini görənlər Yırtıcı Quşları Qoruma Dərnəyinə məlumat veriblər. Dərnək əməkdaşları parkda halsız vəziyyətdə olan quşu yaxalayıb, müalicə etmək üçün dərnəyə gətiriblər. Baytar həkim quşu müayinə edib, bundan sonra qara kərkəs Təbiəti Qoruma və Milli Parklar Şöbə Müdirliyinə təvhil verilib. Reabilitasiyadan sonra qara kərkəs Bolqarıstana göndəriləcək. Bioloq Cansu Özcan isə bildirib ki, 2023-cü ildə Böyükçəkməcə gölündə bir akbaba vurularaq öldürülüb. “Yırtıcı quşlar daim insanlar tərəfindən təhdid edilir, ölüm təhlükəsi altında olurlar. İnsanlardan başqa, elektrik naqilləri, qanunsuz ovlar, sürətli şəhərləşmə quşların artıb çoxalmasını əngəlləyir. Kərkəs quşlarını şəhər parklarında görmək imkansızdır. Bu quş gücsüz, zəif olduğundan parka düşüb. Əslində isə biz yırtıcı heyvanların insanlarla dostluq etməsinin dəfələrlə şahidi olmuşuq”.