O səbəbdən yaxın perspektivdə belə bir ordunun yaradılması real görünmür
Avropa İttifaqının ayrıca ordusu məsələsi yenidən gündəmə gəlib. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqını öz ordusunu yaratmağa çağırıb. Antonio Tayani bildirib ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişənin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır: “Dünyada sülhməramlı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətinə malik olmaq üçün əsas şərtdir”. O deyib ki, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların - Yaxın Şərqdən Hind-Sakit Okeana qədər böhranların olduğu bir dünyada - İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan bir ittifaq qoruya bilər". Aİ ölkələri müdafiə sahəsində daha yaxından əməkdaşlığı Rusiyanın iki il əvvəl Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra siyasi gündəmə gəlib. Bununla belə, səylər daha çox NATO-nun genişlənməsinə və bu alyans çərçivəsində sıx əməkdaşlığa yönəldilib.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, əsas məsələ Avropa İttifaqının qurmaq istədiyi yeni ordunun NATO-dan hansı istiqamətlərdə fərqlənəcəyi ilə bağlıdır. Ekspert bildirib ki, əgər söhbət konkret hərbi gücdən gedirsə, NATO Avropa İttifaqının yaratmaq istədiyi ordudan daha güclüdür. Çünki NATO-da dünyanın hegemon dövləti olan ABŞ də təmsil olunur:
"Ancaq məsələ ondadır ki, ABŞ nizamnaməyə əsasən, hərbi alyansın digər üzvləri ilə bərabər statusa, hüquqa malik olsa da, əslində, təşkilatın ipini çəkən məhz Amerikadır. ABŞ-nin razı olmadığı heç bir qərar NATO-da keçərli olmur. Hərbi alyansın maliyyələşdirilməsinin böyük qismini Vaşinqton öz üzərinə götürüb. Keçmiş Prezident Donald Trampın dönəmində etiraz edilən əsas məqamlardan biri onunla bağlı idi ki, NATO üzvü olan Avropa ölkələri də quruma maliyyə yardımı göstərsinlər. Avropa ölkələri ÜDM-nin 2 faizini NATO büdcəsinə verməlidir. Ancaq bugünədək heç bir Avropa ölkəsi bunu yerinə yetirməyib. Bu təşkilatda ABŞ dominant olduğu və bütün qərarlar Amerikanın maraqlarına uyğunlaşdırıldığı üçün təşkilatın maliyyələşməsinin ağırlığı ABŞ-nin üzərindədir. Əgər Avropa ABŞ-dən müstəqil bir ordu yaratmaq istəyirsə, əlini daşın altına qoymalıdır".
Ekspert vurğulayıb ki, digər problem odur ki, Avropa Birliyi dövlətləri vahid siyasi mərkəz kimi də fəaliyyət göstərə bilmir: "Bir çox məsələdə Avropa Birliyində problemlər, ziddiyyətlər meydana gəlir. AB-də siyasi-iqtisadi, hərbi yöndə ortaq qərarlar qəbul edilə bilmir. Bəzi Avropa ölkələri öz maraqlarına uyğun olmayan məsələlərdə veto hüquqlarından istifadə edirlər. Bu da vahid qərar alınmasına imkan vermir. Ən ciddi problem budur. Rusiya qarşısında imtahan verən Avropa Birliyi ciddi problemlərlə üzləşməkdədir. O səbəbdən yaxın perspektivdə belə bir ordunun yaradıla biləcəyini real görmürəm".