Məzarı başında söz verdi, sözünü tutdu

Zəlzələdə itirdiyi atasının qəzetinə sahib çıxdı


  Faciələrə səbəb olan, xeyli sayda insan tələfatı ilə nəticələnən 2023-cü ilin 6 fevral zəlzələsi Adıyamanda 17 qəzetçinin də ömrünü sonlandırdı. Zəlzələ dağıntıları altında qalaraq can verənlərdən biri də “Xalqın səsi” qəzetinin naşiri Zübeyir Pektaş olub. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, amma naşirin qızı Nəzirə Fırat atasının məsləyini davam etdirir. Anadolu Xəbər Agentliyinə danışan Nəzirə Fırat bildirib ki, qəzet nəşr etmək, cəmiyyətə doğru məlumatlar çatdırmaq atasının ən böyük arzusu, amalı olub, bu məqsədlə də Adıyamanda qəzet nəşr etməyə başlayıb. “Həmin günün  səhəri qəzetin 208-ci sayı nəşr olunmalıydı. Amma zəlzələ atamı da, xəyallarını da məhv etdi. Atamın məzarı önündə söz verdim; atamın məsləyini, peşəsini davam etdirəcəyəm. Onun əmanəti olan  qəzetə sahb çıxdım. Qəzetin 209-cu sayını nəşr etdirdim və ilk nüsxəni məzarlığa apardım, atamın məzarına qoydum”, söyləyən Nəzirə Fırat atasının adını, xatirəsini yaşatmaq üçün bu işi yenə davam etdirir. Lakin maliyyə sıxıntıları var. Qəzetin ofisi zəlzələdə dağıntılara məruz qalıb. Nəzirə atasının yadigarı olan qəzeti bir konteyner  kirayələyərək orada nəşrə hazırlayır. Müraciət etdiyi yetkililər də hələ ki heç bir yardım göstərməyib. Nəzirə Fırat atasından yadigar qalan qəzeti ailəsinin, doğmalarının köməyi ilə nəşr edir.