Kəndə qayıtdı: İldə 3 milyon qazanır

  Uzun illər İstanbulda yaşayıb modelyer olaraq çalışan 43 yaşlı Birsen Yıldız günlərin birində bu işindən bezib və doğma yurdu Samsuna üz tutub. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Birsen Yıldız sənaye, ticarət şəhərində yaşamağın əsl işgəncə olduğunu deyir: “25 il tekstil sənayesində çalışdım. Çox stresli bir işdir. Fasiləsiz işləyirsən, sifarişlər durmadan artır, istirahətə vaxt belə qalmır. Bu, insanı çox yorur, stresli edir. Psixoloji gərginlik içindəsən daim. İmkan tapan kimi kəndə gedirdim, azacıq dincəlim deyə. Səhhətimdə problemlər başlamışdı. Nəhayət, İstanbulu tərk etmək qərarı verdim və Samsuna qayıtdım.  Nəsə istehsal etmək istəyirsənsə, ən yaxşısı bunu torpaqda etməkdir, dedim və işə başladım”. Birsen Yıldız ailəsi və 2 övladı ilə birlikdə Samsuna yerləşib. “Nə əkək, nə becərək?” düşünərkən aronya bitkisinin sağlamlığa faydaları baxımından onu becərməyi seçib. Quş üzümünə oxşayan bu bitkinin faydaları saymaqla bitməz. O, immunitet möhkəmləndirən, vitaminlərlə bol giləmeyvədir. Tələbat da var. Birsen Yıldız həm aronya bitkisi, həm də çiyələk yetişdirməyə qərar verib və bunun üçün dövlət bankından faizsiz kredit götürüb. Samsun Böyük Şəhər Bələdiyyəsi və Kavak İlçə Tarım tərəfindən ona 6 min ədəd çiyələk toxumu və 250 ədəd aronya şitili verilib. Yerli kənd təsərrüfatı müdirliyindən bağçılıqla bağlı davamlı məsləhətlər də alıb. “Məqsədim bu idi ki, mövcud olan deyil, tamamilə yeni, Samsunda az yetişdirilən məhsul yetişdirim. Öyrəndim ki, bu yerlər aronya bitkisi üçün münbitdir. Samsunun Kavak əyalətinə aid Ahurlu kəndində torpaq sahəsi satın aldıq. Çalışmağa başladıq. Əvəvlcə 1.5 hektar sahədə çiyələk əkdik. Sonra da 20 hektar ərazidə aronya əkdik. 2022-ci ildə başlamışıq bu işə. Deyilənə görə, 2 il sonra bitki məhsul verməlidir. Bu ilin avqust ayında ilk məhsulumuzu toplayacağıq”, söyləyən B.Yıldız çiyələkləri isə artıq topladıqlarını deyib. Satın aldıqları ərzidə təkcə çiyələk, aronya yetişdirmirlər, sarımsaq, bibər, nanə, lobya, pomidor, yaşıl reyhan da becərilir. Hazırda ailənin əsas gəlir qaynağı çiyələkdir. B.Yıldız süni gübrə istifadə etmədiyini, yalnız heyvan gübrəsinə üstünlük verdiyini, buna görə də yetişən məhsulun təbii olduğunu söyləyib. B.Yıldız əkinçiliyin, bostançılığın sevgi istədiyini vurğulayıb: “Məhsul yetişdirməyə, məhsul əldə etməyə sevgi, maraq yoxdursa, heç nə əldə edilməz. Gərək torpağa sevgi olsun, əkib-becərməyi sevəsən, məhsulun yetişməsinə can atasan, o zaman qazancın da olacaq. Yetişən məhsula baxb sevinəcəksən”.  B.Yıldız bağçılıqdan ildə 3 milyon lirə gəlir əldə etdiklərini, ixracat haqqında düşünməyə başldıqlarını da deyib.