ABŞ-İran münaqişəsi: Tehran və Vaşinqton bir - birinin əlinə oynayan iki oyunçudur

ABŞ Yaxın Şərqdəki bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat imkanını nəzərdən keçirir.
Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, üç amerikalı əsgərin həyatına son qoyan hücum Vaşinqtonun daha ​​qəti reaksiyasına səbəb olacaq:
“Mümkün addımlar arasında ABŞ-ın İrana zərbə endirəcəyi gizli əməliyyat da nəzərdən keçirilir. Vaşinqton bu kampaniyada iştirakını rəsmi şəkildə elan etməyəcək. ABŞ həm də birbaşa İran rəsmilərinə hücum edə bilər. Amerikanın nə etməsindən asılı olmayaraq, Bayden səlahiyyət müddətinin ən mühüm qərarlarından birini qəbul etməli olacaq. Bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər”.
Qeyd edək ki, ötən gün İordaniyadakı ABŞ bazasına PUA hücumu nəticəsində 3 əsgər ölüb, 34 nəfər yaralanıb.

ABŞ və İran arasındakı gərginlik barəsində "Sherg.az"ın suallarını cavablandıran Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan qeyd edib ki, Vaşinqton və Tehran arasında gərginlik həmişə müşahidə edilib:
"Bu gərginliyin hərbi müstəviyə keçməsinə hər zaman maraqlı ölkələrdən birincisi İsraildir. Çünki İranın İsrailə təhdidləri buna təhrik edir. Lakin unutmaq olmaz ki, ABŞ və İranın ortaq maraqları və ideoloji vəhdətdə olduqları mövzular var. Müsəlman dünyasına, türk dövlətlərinə qarşı yürüdülən siyasətdə İran ABŞ-ın əlinə oynayan fiqurdur. İstər İraqın, Əfqanıstanın işğalında, istərsə də Liviya və Suriyaya müdaxilədə İran birbaşa ABŞ-a dəstək verib".

T.İrfan rəsmi Tehranın Qarabağ məsələsində də  Azərbaycan, Türkiyə və müsəlmanların yox, Avropa, ABŞ kimi Ermənistanın yanında olduğunu vurğulayıb:
"Yəni, İranın bu xidmətləri sayəsində indiyə kimi ABŞ-ın İrana hərbi müdaxiləsinin qarşısını alıb. Hələ ki, Fələstin məsələsində də İran bu maraqlara  cavab verir. Çünki bir neçə Avropa ölkəsi artıq Fələstin qaçqınlarına humanitar yardımı dayandırdı. Bu da Qərbin, ələlxsus da ABŞ-ın təsiri ilə baş verir. Çünki bu münaqişənin gərgin fazada davam etməsində maraqlı olan tərəflər var. Amerika İsraili bu savaş sayəsində daha da özündən asılı vəziyyətdə saxlayır. Türkiyə kimi müsəlman dövlətlərinin müəyyən mənada başını bu savaşlar qatır və atdığı dəstək addımları ilə ifşa edərək haqqında qərarlar qəbul edir".

Politoloq  Avropanın Azərbaycana təzyiqi, ABŞ-ın bu yaxınlarda guya Azərbaycanda dini etiqad azadlığının pozulması ilə bağlı bəyanatı kimi amillərin gizli səlib yürüşünün detalları olduğunu bildirib:
"Qərb bütün türk və müsəlman ölkələrinə qarşı hücuma keçib. Quranı yandırıb nəbzini ölçür, sonra da addımlar atır. Hesab edirəm ki, İrana hərbi müdaxilə olmayacaq. Olsa da qısa müddətlik lokal xarakterli, gözdən pərdə asmaq üçün ola bilər. Çünki Yəməndə, İraqda, Suriyada İranın bazalar yaratmasını birbaşa ABŞ özü təmin edib. Çünki müsəlman dünyasına qarşı problemlərin yaradılmasında, vəhdətin pozulmasında İranın bilavasitə rolu və Amerikaya dəstəvuz verməsi faktı var. Bölgədəki vəziyyəti gərginləşdirmək niyyəti olarsa, ABŞ mümkün qısamüddətli hərbi hücumlar edə bilər. Ancaq bu, İrana qarşı yox, sırf bölgədəki vəziyyəti xarab etmək üçün ola bilər. Əgər ehtimal etsək ki, İrana ABŞ genişmiqyaslı hücum edəcək, bu zaman bölgədə vəziyyət gərginləşəcək və şübhəsiz ki, müsəlman qanı su yerinə axacaq. Ancaq bu elə də asan deyil. İran hər nə qədər zərərli və pozucu siyasət aparsa da, Türkiyə kimi müsəlman dövlətləri bu müdaxiləyə mümkün qədər imkan verməyəcəklər. Çünki müdaxilə olarsa, baş verəcəklər hər kəsə ziyan vuracaq. Əgər ehtimalən hərbi müdaxilə İraqa qarşı olduğu kimi baş verərsə İran rejiminin yox, ümumiyyətlə İran dövlətinin qalıb-qalmaması sual altına düşə bilər. İraqı hazırda necə parçaladılarsa, İranı da o formada parçalayacaqlar. ABŞ isə bunu icra etməkdə tələsmir. Ona görə ki, əsas üstünlük İran türklərindədir və İran dağılarsa, ilk növbədə orada türk dövləti qurula bilər. Bu da Türkiyənin və Azərbaycanın güclənməsi deməkdir. Ona görə ABŞ bir gücü ləğv edib onun yerində ikinci güclərin yaranmasını istəmir.
Qısamüddətli söz yarışmaları, bir - birinin bazalarına hücumlar isə zahiri görüntü üçündür. Əslində hər ikisi bir - birinin əlinə oynayan iki oyunçudur. Yəhudilər və Fələstin ərəbləri İran və Qərb oyununda qurbanlardır".