İqlim dəyişmələri planetimizi təhdid edir -Şərh

İnsan həyatı üçün vacib təbii resursların azalması dünyanın bir nömrəli problemidir

"İlin sonuna yaxın keçiriləcək COP29 tədbiri sayəsində Azərbaycan özünü dünyaya yeni imicdə, yeni simada təqdim edəcək"


  Qlobal iqlim dəyişikliyi, təbii ehtiyatların sürətlə tükənməsi və ətraf mühitin çirklənməsi təcili tədbirlər görülməsi zəruri olan aktual məsələlərdir. Dünya əhalisi artdıqca, enerjiyə tələbat artır və məhdud resursların potensialının tükənməsinə səbəb olur. Təbii ehtiyatlar bütün canlıların yaşaması üçün vacibdir və ətraf mühit bizi qida istehsalı üçün təmiz hava, su və torpaqla təmin edir. Bununla belə, bu ehtiyatlar qeyri-davamlı insan fəaliyyəti, iqlim dəyişikliyi və əhalinin artımı da daxil olmaqla bir sıra amillər səbəbindən həyəcanverici sürətlə tükənir. Məsələ ondadır ki, texnoloji tərəqqi daha müasir həyat tərzinə imkan yaratdıqca, enerji ehtiyaclarımızı ödəmək üçün getdikcə daha çox təbii ehtiyatlardan asılı hala düşürük. Prezident İlham Əliyevin İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda iqlim dəyişikliyi məsələsi qabardılıb. Dövlət başçısı qeyd edib ki, hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. Prezident iqlim dəyişmələrinin təsirlərinin artıq həyatın bütün sahələrində özünü büruzə verdiyini əlavə edib: “Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcək”. Ekspertlər vurğulayıb ki, qlobal iqlim dəyişikliyinə əsasən, dəniz səviyyəsinin qalxması, okean suyunun istiliyi, okeanın turşulaşması, qlobal istiləşmə, onun səbəbləri və fəsadları, buzların əriməsi, istixana qazları tullantıları, okeanın çirklənməsi və s. məqamlar səbəb olur. Məlumat üçün qeyd edək ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfini reallaşdırmaqdır. Bunun üçün qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. Təbii ki, bunun üçün yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının yaradılması vacibdir. Ümumiyyətlə, qlobal mühitdə bu hədəflər əksər beynəlxalq təşkilatların çoxtərəfli müstəvidə müzakirə etdiyi məsələlər olmalıdır. İqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatı üçün ciddi çağırışlar yaratdığını nəzərə alaraq, son illər yaşıl inkişafı dəstəkləyən təşəbbüslərin aktuallaşmasının səbəbini anlamaq çətin deyil. İnsan həyatı üçün təbii resursların əhəmiyyəti böyükdür. Bitkilər insan qidasının 80 faizini təşkil edir. Yer kürəsinin 30 fazini təşkil edən meşələr canlı aləm, təmiz hava və su üçün əhəmiyyətli resurslar daşımaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rola malikdir. Hər il 13 milyon hektar meşə sahəsi itirilir, quru ərazilərin davamlı deqradasiyası isə 3,6 milyard hektar ərazinin səhralaşmasına səbəb olur və bu, yoxsul icmalara qeyri-mütənasib şəkildə təsir göstərir. 7000-ə yaxın heyvan və bitki növü qeyri-qanuni ticarətə cəlb edilir. Ümumi irsimizin bir hissəsi olan təbii yaşayış yerlərinin və biomüxtəlifliyin itkisini azaltmaq, qida və su təhlükəsizliyini, iqlim dəyişikliyinin təsirinin azaldılmasını dəstəkləmək üçün təcili tədbirlərə ehtiyac aktuallaşır. 
 
 Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, dünyanın orta temperaturunun artması hələ ötən əsrin 60-cı illərində qeyd olunmağa başlayıb. Alim qeyd edib ki, o zaman dünyanın orta temperaturu təxminən 14,2 dərəcə idi və son 20-30 ildə təxminən 1 dərəcəyə qədər dünyanın orta temperaturu yüksəlib: 
"Şimalda, cənubda və Antarktikada buzlar əriməyə başlayır, böyük aysberqlər əmələ gəlir. Nəzərə alaq ki, dünyanın şirin su ehtiyatları məhz şimal və cənub buzlaqlarında toplanıb. Bunun sürətlə əriməsi dünyada çox ciddi problemlər yaradacaq. Təkcə orta temperaturun artması deyil, eyni zamanda okeanların səviyyəsinin qalxması da gözlənilir. Əgər bu şəkildə davam edərsə, Avropanın çox hissəsi suyun altında qala bilər. Hollandiya, Danimarka, Belçika, Almaniyanın çox hissəsi dəniz səviyyəsindən aşağıdadır və onlar böyük bəndlərlə qorunur. Okeanın səviyyəsinin yüksəlməsi bu ölkələri su altında qoyacaq. Təbii ki, dünyada su sahələrinin çoxalması balansı pozacaq və bu da ağır nəticələrə gətirib çıxardacaq. Nəticədə kütləvi şəkildə insanlar və heyvanlar qırılacaq. Dəniz səviyyəsinin qalxması torpaqların şorlaşmasına, qurunt sularının çoxalmasına səbəb olacaq. Bu da təsərrüfat məhsuldarlığının aşağı düşməsinə gətirib çıxaracaq. İnsanların qida ilə təmin olunmasında, dənli-paxlalı bitkilərin yetişməsində ciddi problemlərlə üzləşəcəyik. Bu, bir neçə ölkənin yox, dünyanın problemidir. Çünki iqlim elə bir məfhumdur ki, onun inzibati sərhədləri yoxdur. Ona görə bütün dövlətlərin birgə cəhdi çox önəmlidir. Yeni Kioto Konvensiyası imzalanmalıdır. Amma ABŞ imzalamır. Halbuki atmosferə tullantı qazlarını ən çox atan ölkələrdən biri ABŞ-dir. İnkişaf etmiş kapitalist ölkələrində bu problemlər çox ciddidir". 

  Professor bəyan edib ki, dünyada sürətlə təbəqələşmə getdiyinə görə qlobal problemlərin qarşısının alınmasında çox ciddi problemlər yaranır:
 "Azərbaycan dövləti bu sahədə çox önəmli addımlar atır. Cənab Prezidentin tapşırığı ilə artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda yaşıl enerjidən istifadə etmək məsələsi gündəmə gəlir. Su, günəş, külək stansiyalarının tikintisi və elektrik enerjisinin alınması çox mühüm məsələdir. Azərbaycan bu sahədə lazım olan bütün addımları atır. Eyni zamanda ekoloji cəhətdən tullantısız sənaye obyektlərinin tikilməsi planlaşdırılır. Atdığımız addımlara görə, məhz COP29-un Azərbaycanda keçirilməsinə nail olduq. Əlimizdən gəldikcə dünyaya töhfə verməyə çalışırıq. İnanıram ki, bunun müsbət nəticəsi də olacaq. İlin sonuna yaxın keçiriləcək COP29 tədbiri sayəsində Azərbaycan özünü dünyaya yeni imicdə, yeni simada təqdim edəcək".