40 ölkə, 200 şəhər gəzdi: İqtisadçı xanım həyatının sevgisini Türkiyədə tapıb

  5 il əvvəl dünya səyahətinə çıxıb 40 ölkə, 200 şəhər gəzən iqtisadçı xanım həyatının sevgisini Türkiyədə tapıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Cənubi koreyalı gəncin həyat hekayəsini təqdim edir. Hivan Ko adlı koreyalı gənc xanım ixtisasca iqtisadçıdır. Amma dünya səyahətinə çıxmaq, müxtəlif ölkələr gəzib şəhərlər görmək ən böyük arzusu olub. Bu arzuyla da 5 il əvvəl dünya turuna çıxıb. 2021-ci ildə Türkiyəyə gəlib və Muğlanın Fəthiyyə bölgəsindəki mehmanxanada qonaq qalıb. Mehmanxanada Toğrul Kaya adlı gənclə tanış olub. Onların münasibəti getdikcə sevgiyə çevrilib. 2 il sonra isə onlar evləniblər. Və Toğrul Kayanın məmləkəti Kayseriyə yerləşiblər. Hivan Ko türk dilini öyrənmək üçün Kayseri Böyük şəhər bələdiyyəsinin Peşə Təhsili və Mədəniyyət Mərkəzində türk dili təhsili almağa başlayıb. Qısa müddətdə türk dilində sərbəst danışmağı öyrənib. Koreyalı xanım səyahət və Türkiyədəki həyatı haqqında bunları danışıb: “2019-cu ildə dünya səyahətinə çıxdım. İndiyədək 40 ölkə və 200 şəhər gəzmişəm. Türkiyəyə də gəzinti üçün gəldim və Fəthiyyəyə getdim. Hoteldə gözəl bir insanla tanış oldum. Fəthiyyədə 2020-ci ildə  6 ay yaşadıqdan sonra Kayseriyə gəldim və il yarımdır burada yaşayıram. Bundan əvvəl də türkcə öyrənmək üçün onlayn çalışırdım. Kayseridə isə bələdiyyəyə aid mərkəzdə türk dilini əyani olaraq öyrənməyə başladım. Əyani dərs almaq daha rahatdır, müəllimlərlə, yoldaşlarla canlı söhbətlər edirik, bu mənə çox kömək edir. Türkiyə gözəl ölkədir. Buradakı insanları çox sevirəm. Onlar da məni sevir. Türkiyənin mənzərələri də çox gözəldir, Koreya da gözəldir, amma burada dəniz, yüksək dağlar, tarixi məkanlar çoxdur. Türkiyəni sevməyimin bir səbəbi də bunlardır”. Mərkəzin türkçə dil kursu müəllimi Banu Odabaşı Hivan Ko haqqında danşıb və onu müsbət enerjili, istedadlı tələbə adlandırıb.