2 aylıq ayrılıq: Şahzadəni Ket Midltona geri qaytaran amil qısqanclıq olub

Ket Midlton bir dəfə çox cazibəli libas geyinərək şəhərə çıxıb, şahzadə sevdiyi xanımın başqa birisiylə münasibətdə ola biləcəyinə dözməyəcəyini anlayıb

  Böyük Britaniya kral ailəsinin sevilən cütlüyü – şahzadə Uilyam və həyat yoldaşı, şahzadə Ket Midlton 2001-ci ildə, Müqəddəs “Andrews” Universitetində təhsil alarkən tanış olublar. 
2002-ci ildə universitetdə təşkil olunan moda nümayişi zamanı Ket Midltonun ağ tül parçadan geyindiyi libas şahzadə Uilyamda romantik hisslər oyadıb və onların arasında sevgi münasibətləri yaranıb. Aralarındakı sevgi münasibətlərini isə onlar 2 il sonra elan ediblər. 2007-ci ildə isə münasibətlərində durğunluq yaranıb və onlar ayrılıblar. Ayrılığın səbəbi kimi isə gələcək həyatlarını fərqli şəkildə görmələri olub. Lakin bu ayrılıq cəmi 2 ay çəkib. Cəmi 2 aylıq ayrılıqdan sonra şahzadə Uilyamla Ket Midlton yenidən barışıblar və münasibətləri davam edib. 2011-ci ildə isə şahzadə Ketə evlilik təklif edib. Onların hazırda 3 övladı var. Kral ailəsinin şəxsi yazarı Penni Cunior bu günlərdə şahzadə Uilyamla Ket Midltonun münasibətləri haqqında yazıb. Onun sözlərinə görə, başlanğıcda şahzadə Ket Midltona çox bağlanacağından ehtiyat edib. Ket isə digər tələbə yoldaşlarından fərqli olaraq dərslərinə çox çalışıb və şahzadənin ətrafında dolaşanlardan da xoşu gəlməyib. Ket makiyaj etməyi də sevməyib. Həmişə sadə görünüb. Lakin Ketin məhz gözəgəlim olmaması, necə deyərlər, özünü yerli-yersiz ortaya atmamamsı şahzadə Uilyamı cəlb edib. Çünki Ket digər tələbə qızlar kimi kral ailəsi üzvünə yaxınlaşmaq üçün cəhdlər etməyib. Şahzadə hər nə qədər tələbə yoldaşlarıyla dostluq etsə də, aşırı diqqət görməyi sevməyən biridir. Ket də sakit təbiətli olduğundan ondan xoşu gəlib. Ket özünə yüksək dəyər verən biridir. Şahzadə ilə münasibətləri başladıqdan sonra kimsə ona “şahzadə ilə sevgili olduğun üçün şanslısan”, dedikdə, o, əsəbi halda “xeyr, o, mənimlə sevgili olduğu üçün şanslıdır”, cavabını verirdi. Şahzadənin dostlarının Keti bəyəndiyini söyləmək olmaz. Onlar Keti çox ciddi hesab edirdilər və bu, onların xoşuna gəlmirdi. Yazarın qeyd etdiyinə görə, 2 aylıq ayrılıqdan sonra şahzadəni Ket Midltona geri qaytaran amil qısqanclıq olub. Ket Midlton bir dəfə çox cazibəli libas geyinərək şəhərə çıxıb, şahzadə sevdiyi xanımın başqa birisiylə münasibətdə ola biləcəyinə dözməyəcəyini anlayıb. Lakin Ketə evlilik təklifinin bir qədər uzun müddət çəkməsinin səbəbi anası Diananın ailə həyatında xoşbəxt olmaması idi. Şahzadə atasının gələcək həyat yoldaşını tanımadan evlənməsini düzgün hesab etmirdi və hesab edirdi ki, onların münasibətləri buna görə uzunömürlü olmayıb. Bu məntiqlə də şahzadə həyat yoldaşı olaraq seçəcəyi xanımla bir-birilərini yaxından tanımalarını istəyirdi. Ona görə də münasibətlərində əminlik olduqdan sonra Ket Midltona evlilik təklif edib.