Böyük Britaniyada qızılca epidemiyası təcili vaksinləmə kampaniyasını zəruri edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2017-ci ildə Böyük Britaniyanı vaksinlərin effektivliyi sayəsində qızılcadan azad ölkə elan edib. Lakin hazırda ölkədə son 10 il ərzində qızılcanın ən geniş yayılması müşahidə olunur. Bu isə virusun yayılmasının qarşısını almaq üçün səhiyyə sistemləri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) son məlumatları qızılcaya yoluxma hallarının təhlükəli statistikasını əks etdirir: vur-tut bir həftə ərzində 118 yeni yoluxma qeydə alınıb. Bu rəqəmlər bütün təsdiqlənmiş yoluxmaların sayını 650-yə çatdıraraq, hətta 2013-cü ildə sonuncu yayılma dövründəki səviyyəni üstələyir. Xüsusilə kritik vəziyyət Midlendsdədir, burada Birmingem yayılma episentrinə çevrilib. Yoluxmaların sayının artımı Londonda da qeydə alınıb.

UKHSA-nın məlumatına görə, yoluxma hallarının 66 faizinin 10 yaşınadək uşaqlar arasında qeydə alındığı, eləcə də MMR peyvəndləməsinin (qızılca, epidemik parotit (qulaqdibi xəstəliyi) və məxmərək) miqyasının azalması nəzərə alınarsa, o halda yayılma müxtəlif yaş qruplarını əhatə edib və Birmingemdə 40 yaşlı bir kişi qızılcadan həyatını itirib.

Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) qızılcanın yayılmasına kampaniya ilə reaksiya verib. Kampaniya valideynləri uşaqlarını peyvəndləməyə səsləyir, çünki 16 yaşınadək 3,4 milyondan çox uşaq virusdan müdafiə olunmayıb. Bundan başqa bəzi regionlarda 25 yaşınadək şəxslərə MMR vaksininin hər iki dozası təklif olunur.

Böyük Britaniyada qızılca yayılması az təsadüf edilən hal deyil. ÜST fevral ayında Avropanın bir çox ölkəsində yoluxma hallarını əhəmiyyətli şəkildə artması barədə xəbər vermişdi.