Hakan Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-ABŞ Strateji Mexanizminin iclasında iştirak etmək üçün martın 7-8-də ABŞ-da səfərdə olacaq.
APA xəbər verir ki, bu barədə "Reuters" Türkiyədən diplomatik mənbəyə istinadən yazıb.
Bildirilib ki, səfər çərçivəsində Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Diplomatik mənbənin sözlərinə görə, görüşdə Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyaların ləğvi, F-16 qırıcılarının satışı və Qara dəniz taxıl müqaviləsi, həmçinin Ukrayna və Qəzza münaqişələri müzakirə olunacaq.
Türkiyə XİN rəhbərinin ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla da görüşü gözlənilir.
"O, İsrailin Qəzzada törətdiyi qırğınların dayandırılması, Qəzzada dərhal və tam atəşkəsə nail olunması və beynəlxalq parametrlərə uyğun olaraq iki dövlətli həll üçün hərəkətə keçmək zərurətini ifadə edəcək", - mənbə bildirib.
Türkiyənin "Anadolu" agentliyi isə ABŞ rəsmilərinə istinadən yazıb ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, Suriya böhranı, Qəzzada davam edən müharibə ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.