Putin seçildi və bütün suallara cavab verdi -ANALITIK

Bundan sonra Rusiyanın Ukrayna və Qərbə qarşı aqressivliyi  bir az da artacaq


  Türkiyə Ukraynadaki işğalı rədd edir, lakin müharibəyə artıq son qoyulmalıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində bildirib. O qeyd edib ki, Türkiyə sülh çağırısı edən nadir ölkələrdəndir. Nazirin sözlərinə görə, müharibənin bütün bölgəyə yayılması və atom silahından istifadə riskindən narahatdır.
  H.Fidan onu da əlavə edib ki, 2024-cü il ərzində Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində müsbət nəticənin əldə edilməsi sual altındadır: “Çox baha başa gələn boks döyüşü gedir. Münaqişənin digər regionlara, Şərqi Avropaya, Mərkəzi Avropa ərazisinə keçməsi təhlükəsi var, nüvə silahından danışılır”. Onun sözlərinə görə, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayıblar. 2024-cü ilə gəlincə, Ukrayna münaqişəsinin həlli üçün heç bir əsas yoxdur”. Nazir həmçinin əlavə edib ki, 2025-ci ilə bəzi ümidlər var, lakin gözləmək və hansı şərtlərin yaranacağına baxmaq lazımdır.

  Siyasi şərhçi Azər Rəşidoğlu  isə “Sher.az”a açıqlamasında deyib ki, Putin yenidən prezident seçilməklə bütün bu suallara cavab verdi: 
“Bundan sonra Rusiyanın Ukrayna və Qərbə qarşı aqressivliyi  bir az da artacaq və Ukraynadakı mövcudluqlarını daha da gücləndirməyə çalışacaq. Rusiyanın bunu bacarıb-bacarmayacağı isə Qərbin dayanıqlığından və Kiyevin arxasında nə dəcərədə durmasından asılı olacaq. Qərb Putinin qarşısında geri çəkilsə, Ukraynanın parçalanmasına razılıq versə, Rusiya MDB məkanını və Şərqi Avropanı hədəf seçəcək. Qərb Ukraynaya birbaşa müdaxilə etsə, Kreml nüvə silahı şantajını artıracaq. Putin son bəyanatında da bu barədə danışdı. Amma başa düşmək lazımdır ki, nüvə müharibəsində qalib olmayacaq. Hər iki tərəf məğlub olacaq və hər iki tərəfə ciddi ziyan dəyə bilər”.
 
 A.Rəşidoğlunun sözlərinə görə, gedişat bu şəkildə olsa, Rusiya bir dövlət kimi yox olacaq. Bunu Putin də anlayır: 
“Bu mənada Putinin nüvə silahından istifadə etmək imkanları çox aşağıdır. Amma bu adamın psixoloji problemləri var. İstisna deyil ki, taktiki silahlardan, kiçik nüvə başlıqlarından istifadə eləsin. Bu isə üçüncü dünya müharibəsi deməkdir. Onu da nəzərə alaq ki, Rusiyanın çökməsi təkcə ABŞ-nin marağında deyil, bu amil həm də Çinin marağındadır. Çünki Çin də istəyir ki, Rusiya çöksün və onun Uzaq Şərqdə nəzarət etdiyi əraziləri ələ keçirsin. Rusiya çökərsə, ABŞ və Çin arasında ağır savaş başlaya bilər. Bu isə dünyanın gedişatını dəyişə bilər”.           
Şəymən