Qərbin Ermənistan sevgisi: Riyakarlıq və simasızlıq davam edir -ŞƏRH

Ermənistan XİN binası qarşısında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları ölkədəki siyasi məhbusların azad olunmasını tələb ediblər. Onlar, həmçinin İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçdən Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr keçirməyi tələb etmək niyyətindədir.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Əməkdar Jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Ermənistanda hazırda həm istintaq altında, həm də həbsxanada olan çoxsaylı siyasət və media nümayəndələri var:

"Təəssüflər olsun ki, Ermənistanı himayə edən ölkələr və onların nəzarəti altında olan "Beynəlxalq Təşkilatlar" orada insan hüquq və azadlıqlarının, siyasi hüquqların pozulması ilə bağlı hər hansı bir reaksiya verməyiblər. Əgər söhbət fundamental insan haqqlarından gedirsə, həmin şəxslərin hansı qüvvəyə və qütbə bağlı olmasından asılı olmayaraq ədalətli mövqedə durulmalıdır. Lakin Qərbin bu məsələlərdə ikili standartlar göstərməsi riyakarlığın və simasızlığın bir nümunəsidir. Çünki belə məsələlərdə söhbət dəyərlər və prinsiplərdən getməlidir. Amma həmişəki kimi Qərbin Ermənistana münasibətində fərqliliklər gözə çarpır. Bunu öz maraqları naminə dünyanın müxtəlif ölkələrində konkret cinayət əməlinə görə həbs olunmuş şəxslərin üzərinə belə siyasi məhbus çətiri salan Qərbin hazırda Ermənistanda həbsdə olan siyasi məhbusların azad edilməsi ilə bağlı təzyiq göstərməməsi sübut edir. Aksiyaların davamlı olub olmayacağına gəldikdə isə bunun haqqında fikir söyləmək indi çox çətindir. Amma görünən odur ki, Ermənistanda Paşinyan hökumətindan narazı olanlar bir araya gələrək vahid mövqedən çıxış etməyə başlayıblar. Çox güman ki, bu prosesslər davamlı olacaq".

Yusif Mamedov