Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər
Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı verdiyi göstəriş erməniləri təlaşlandırıb. Yüz illik yalanlarının üzə çıxacağından ehtiyatlanan ermənilər Ermənistanın arxivlərində bu barədə yetərincə məlumat və materialların olmadığını etiraf ediblər. Belə etiraflardan birini dilə gətirənlərdən biri də politoloq Akop Badalyandır. Araşdırmanı “çətin iş” adlandıran Akop Badalyan arxivlərdə bununla bağlı kifayət qədər materialın olmadığını onunla “əsaslandırır” ki, olaylarla bağlı lazımi faktlar digər ölkələrin arxivlərindədir. Onun iddiasına görə, "soyqırımına" məruz qalmış 1.5 milyon (?) erməninin ad-soyadlarını müəyyənləşdirmək çətindir. Görünən budur ki, yalanlarının üzə çıxacağını bilənlər Paşinyanı bu “çətin iş”dən çəkindirməyə çalışırlar. Elə Akop Badalyanın özü də istisna etmir ki, prosesin sonunda haqlı çıxan bu qondarma iddianı yüz ildir dilindən düşürməyən ermənilər yox, bu böhtana məruz qalan keçmiş Osmanlı, bu gün isə Türkiyə olacaq. Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan bundan əvvəl Baş nazir Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir “soyqırımına məruz qalan 1.5 milyon erməni”nin xatirəsini tam əbədiləşdirmək üçün adları və soyadları toplamaq istəyir. Artıq Paşinyanın “soyqırımı qurbanları”nın sayılması üçün göstəriş verdiyi bildirilir. Erməniləri qorxudan məqam reallığın gün üzünə çıxmasıdır. İllərdir Türkiyənin arxivlərin açılıb araşdırılması çağırışlarından da bu səbəbdən yan qaçırlar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər. Analitikin sözlərinə görə, Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Koçaryan “soyqırıma məruz qalan 1.5 milyon erməninin ad və soyadlarının müəyyənləşdirməliyik” deyib:
"Bu, yeni mövzudur. Necə ki, Rusiyada Vladimir Jirinovsi Kreml sahibi Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Koçaryan Baş nazir Nikol Paşinyanın danışan dilidir, ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin söylədiklərini əsaslandırır. Andranik Koçaryan “soyqırıma” məruz qalanların siyahısını hazırlamadıqları halda Türkiyənin “soyqırım olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını bildirib. Andranik Koçaryan bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya müharibəsində soyqırıma məruz qalan yəhudilərin siyahısını tərtib etməyə müvəffəq olub. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımında” istifadə edilən rəqəmlər isə şişirtmədir, əks halda ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər".
Ekspertin fikrincə, bütün hallarda Paşinyan komandasının “soyqırım siyahısı” barədə yanaşması erməni cəmiyyətində və erməni diasporunda ikitirəlik yaradacaq:
"Ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar. Buna rəğmən, onların bir hissəsi “soyqırımı” təbliğatı kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Nikol Paşinyan isə “soyqırımı” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırımı” təbliğatından imtinanı da tələb edəcək. Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırımı” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı” mövzusunun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. “Bu mövzunun müzakirəsini dayandırmaq lazımdır” deyən Marukyan Türkiyənin tələsinə düşəcəkləri barədə xəbərdarlıq edib. Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımını” tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırımla” bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu, “erməni soyqırımını” tanıyan dövlətləri də pis vəziyyətə salacaq. Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, soyqırımla bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldükləri iddia etdikləri barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.