Qazaxıstanın Ermənistanla yaxınlaşmaq siyasəti bəzi planlardan qaynaqlanır
Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir
“Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ ilə də müəyyən oyunun içindədir”
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Ermənistana qısamüddətli rəsmi səfəri barədə postsovet və xarici media qısa xəbərlər verməklə kifayətləniblər. Ermənistan hakimiyyəti səfəri “uğur” kimi qələmə versə də, yerli media və siyasi dairələr fərqli mövqedən çıxış ediblər. Qeyd olunub ki, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında təmsil olunsa da, Astana Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv mövqeyi ilə seçilib, işğal siyasətinə qarşı çıxış edib. İkinci Qarabağ müharibəsində və sonrakı müddətdə Azərbaycanın haqq işini dəstəkləyib. Həmçinin ölkələrimiz beynəlxalq gücə çevrilən Türk Dövlətləri Təşkilatında təmsil olunur, birgə iqtisadi, siyasi layihələrdə iştirak edirlər. Bakı ilə Astana arasında münasibətlər yüksək səviyyədədir. Qazaxıstanın dövlət başçısı da səfəri zamanı verdiyi bəyanatlarla bunu dolayısı ilə təsdiqləyib. Tokayev bəyan edib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlıdır: “Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır”. Bununla belə, Qazaxıstan prezidentinin məhz indiki dönəmdə Ermənistana səfərinə ehtiyacın olmadığını düşününlər də az deyil. Onların fikrincə, Qazaxıstanın İrəvanın gündəmə gətirdiyi "Sülh kəsişməsi" layihəsinə müsbət yanaşması, İrəvan və Astananın qardaşlaşması Bakını narazı salan əsas məqamdır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslarla yadda qaldı. Ekspert qeyd edib ki, Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı:
"Hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır. Əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər.
Astana və İrəvanın “qardaşlaşması” da qarşılıqlı maraqlarından irəli gəlir. Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Mərkəzi Asiyada oyunçu olmağa çalışan Qazaxıstan Ermənistanı Cənubi Qafqazda iştirakının artırılması vasitələrindən biri kimi görür. Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Qazaxıstanla Rusiya qarşısında təklənməmək üçün yaxınlaşmaq istəyir. Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir. Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus “sülhün kəsişməsi” layihəsidir. İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ “tanışlıq mərhələsində” olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana getdi və İrəvanda bəyan etdi ki, “sülhün kəsişməsi” layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir”. Tokayev də Ermənistana gəlməmişdən bir gün öncə erməni mediasına müsahibəsində “sülhün kəsişməsi” layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi".
A.Nərimanlı bəyan edib ki, Ermənistanın irəli sürdüyü “sülhün kəsişməsi” layihəsi Azərbaycanın maraqlarına ziddir:
"Bu layihədə Zəngəzur dəhlizi sıradan çıxır. Yaxud Bakının istədiyi ən azı Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzərindən verilməsi də nəzərdə tutulmur. Bu, Ermənistana Avrasiyanın nəqliyyat şəbəkəsində üstünlük qazandırır: belə demək mümkünsə, Azərbaycan nəqliyyat şəbəkəsindəki üstünlüyündən Ermənistana pay verir, əvəzində heç qazanmır. "Sülhün kəsişməsi" Bakı və Ankaranın Türk dünyasını coğrafiya-nəqliyyat dəhlizləri üzərindən birləşdirmək planlarına da uyğun gəlmir. Bu kontekstdə Qazaxıstanın bu layihəni dəstəkləməsi suallar yaradır. Hesab etmək olar ki, Astana Bakının maraqlarını nəzərə almadan yer aldığı Orta dəhlizin bu və ya digər formada reallaşmasına çalışır. Hərçənd Paşinyanın “sülhün kəsişməsi” layihəsi Orta dəhlizə alternativ kimi irəli sürülən “Orta dəhliz 2” adlandıra biləcəyimiz planının tərkib hissəsidir. Bu plan Qərbdə xüsusilə amerikalılar tərəfindən irəli sürülüb. ABŞ Çindən başlayan, Mərkəzi Asiya, Azərbaycan və Türkiyədən keçərək, Avropaya çıxan Orta dəhlizi nəzarətə götürmək istəyir. Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxan layihəni təklif edir. Bununla əsas rəqib kimi gördüyü Çinin “Bir kəmər bir yol” layihəsinin qarşısını alır. Avropadan Mərkəzi Asiyaya uzanan bu marşrut üzərindən təsir imkanlarını Çin sərhədlərinə qədər genişləndirir. Ermənistanı plana daxil etməklə Zəngəzur dəhlizini sıradan çıxarır, bununla Rusiyanın iştirakını bloklayır".
Siyasi şərhçi hesab edir ki, Çin və Rusiyaya qarşı olan bu planda qazanan Ermənistan olur:
"Tokayevin İrəvana səfəri – Ermənistanla yaxınlaşmaq siyasəti bu plandan qaynaqlanır. Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ ilə də müəyyən oyunun içindədir. Hərçənd bunu tamamilə Ermənistanın maraqlarına uyğun həyata keçirməsi qəbuledlməzdir, çünki rəsmi Astana bu layihədə ən azı Bakının Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipini” dəstəkləyə bilər. İrəvanda verilən mesajlar isə bunun əksini göstərir. Tokayevin İrəvanda dediyi “Mən qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpağına xüsusi hisslərlə baş çəkirəm” sözləri də mübahisələndirilə bilər. Bütün bunların fonunda bir məqam yada düşür: bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Sual yaranır: Qazaxıstan Ermənistana silah göndərəcək, yoxsa hansısa silahların verilməsində tranzit rolunu oynayacaq, ümumiyyətlə, Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər? Bakıda Astana və İrəvanın “qardaşlaşması” və yarana biləcək risklər yaxından izlənilir".