Kiyev üçün çox çətin bir dönəm: Ukrayna məğlub olacaq? 

  Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb. Ukrayna qanunvericiliyinə görə, qanun prezidentin imzalamasından bir ay sonra qüvvəyə minəcək. Son günlər cəbhədə, xüsusən Donetsk istiqamətində vəziyyət xeyli pisləşib. Zelenski deyib ki, belə qaynar müharibə zamanı cəbhədə vəziyyət həmişə ağırdır: "Lakin bu günlərdə və xüsusən də Donetsk istiqamətlərində vəziyyət daha da pisləşib". Ukrayna prezidenti deyib ki, ABŞ-nin hərbi yardımı olmasa, Ukrayna nə qalib gələ, nə də öz ölkəsini qoruyub saxlaya biləcək: "Konqresdən bu dəstək olmasa, nəinki qalib gəlmək, hətta sağ qalmaq da çətin olacaq. Ona görə də birlikdə çox konkret işlər görmək vacibdir". Onun sözlərinə görə, hazırda Ukraynanın bərpası üçün təxminən 700 milyard dollar lazımdır: "Əgər Ukraynanın bərpası üçün puldan danışsaq, təxminlər fərqlidir: indiyədək bu, təxminən 700 milyard dollardır. Amma real məbləğləri bilmirik, çünki müharibəni başa çatdırmamışıq".
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ukrayna üçün çox çətin bir dönəm başlayıb. Ekspert vurğulayıb ki, Zelenski səfərbərliklə bağlı qərar versə də, bu amil müharibənin gedişatına çox ciddi təsir etməyə bilər:

"ABŞ-nin hərbi yardımlarının hansı miqyasda olacağı, verilib-verilməyəcəyi bəlli deyil. Konqresdən yardım qərarı çıxmazsa, Ukraynanın məğlub olması qaçılmazdır. Almaniya, Böyük Britaniya və Fransanın Ukraynaya ciddi hərbi dəstəyini görmürük. Bu da Rusiyanın təcavüzkar siyasətdən geri çəkilməsi ilə nəticələnmir. Müharibə artıq kollektiv Qərblə Rusiya arasında gedir. Əgər Ukrayna məğlub olarsa, bu, Qərbin də məğlubiyyətə düçar olması deməkdir. Proses indiki kimi davam etsə, Kiyevin qalib gəlmək şansı yoxdur və Rusiya həlledici qələbə qazana bilər".