“Mövcud konstitusiyanın dəyişdirilməsi, qondarma “soyqırımı” iddialarına aydınlıq gətirmək və məsələni bağlamaq üçün arxivlərin açılması zərurəti gündəmə gəlib”
Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub. Paşinyan özünün feysbuk səhifəsində hakim partiyanın Mülki müqavilə siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı kitabını dərc edib. 17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub. Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “böyük fəlakət” və “cinayət” sözlərindən istifadə edib. Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb, lakin hələ də tənqidlərə cavab verməyib. Xatırladaq ki, Paşinyan müvafiq qurumlara qondarma soyqırımla bağlı tədqiqat aparılmasını tapşırıb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Paşinyanın qondarma “erməni soyqırımı” iddiası ilə bağlı Ermənistanı qarışdıran yanaşması Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması istəyindən qaynaqlanır:
"Paşinyan anlayır ki, coğrafi reallıqlar fonunda Ermənistanın perspektivi bundan asılı olacaq. Bunun üçün Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından imtina etməlidirlər. Ankara və İrəvan danışıqlarında bu məsələ əsas müzakirə mövzularındandır. İstisna deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın maraqlarının nəzərə alınması ilə yanaşı, iki məsələdə də israr edir. Mövcud konstitusiyanın dəyişdirilməsi: artıq bu məsələ də Ermənistan hakimiyyəti tərəfindən gündəmə gətirilib. Qondarma “soyqırımı” iddialarına aydınlıq gətirmək və məsələni bağlamaq üçün arxivlərin açılması zərurəti gündəmə gəlib. Ankaranın illərdir arxivlərin açılması ilə bağlı istəyi İrəvan tərəfindən qəbul edilməyib. Paşinyan hakimiyyəti bunu Türkiyənin istəyi ilə edərsə, təkcə erməni ictimai rəyində və diasporunda yox, “soyqırımı” məsələsindən Ankaraya qarşı istifadə edən ölkələrdə də narazılıq yaranacaq. Bu baxımdan, Paşinyan qondarma “soyqırımı” tabusunu ermənilərin şüurunda dəyişdirmək istəyir. Və “soyqırımı qurbanlarının” sayı, ad və soyadlarının dəqiqləşməsi təşəbbüsü də buna hesablanıb. Çünki ictimai müzakirələrin sonunda “həqiqəti” tapmaq üçün arxivlərə müraciət edilməlidir. Arxivlər açıldıqda 1915-ci il hadisələrinin ermənilərin iddia etdiyi kimi olmadığı ortaya çıxacaq. Paşinyan buna nail olarsa, erməniləri uydurma tarixdən xilas edə və yuxudan ayılda bilər. Lakin nail olacağı sual altındadır. Çünki erməni ideologiyası və bu ideologiya ətrafında formalaşan diaspor belə iddialardan qidalanır. Buna görə Paşinyan ciddi təzyiqlərə məruz qalacaq".