Miçotakis Ankaraya gəlir: Ərdoğan nələr deyəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis sabah Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcək, ticarət dövriyyəsinin artım perspektivlərini, Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ərdoğan və Miçotakis arasında keçiriləcək görüşdə gündəm iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə, eləcə də humanitar əlaqələr kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi olacaq.

"İki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək. Ərdoğan həmçinin Miçotakisə Türkiyənin regional və beynəlxalq hadisələrə, xüsusən Fələstin-İsrail münaqişəsinə dair fikirlərini və diplomatiyasını açıqlamaq niyyətindədir", - nəşr yazıb.

Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Miçotakis mayın 13-də Ankaraya səfər edəcək.