Serbiya polisi Vuçiçi ölümlə təhdid edən şəxsi saxlayıb

Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçi öldürməklə təhdid edən Draqan Miyatoviç adlı şəxs saxlanılıb.
APA-nın yerli “Tanjug” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Həmin şəxsin barəsində məlumatlar ölkənin Baş Prokurorluğuna göndərilib.

Məlumatda o da bildirilib ki, Slovakiya Baş nazir Robert Fitsoya sui-qəsddən sonra Prezident Vuçiçin də ünvanına təhdidlər gəlməyə başlayıb. Nəticədə polis xüsusi əməliyyat keçirib və Miyatoviç tutulub.

Qeyd edək ki, bir qədər əvvəl hökumət başçısı Robert Fitso sui-qəsd nəticəsində sinə və qarın nahiyələrindən güllə yarası alıb. Həkimlərin bildirdiyinə görə Baş nazirin vəziyyəti stabil olsa da həyati təhlükəsi davam edir.

Sui-qəsdi həyata keçirən şəxsin yazıçı Yuray Sintula olduğu açıqlanıb və o, həbs edilib.