Fitsoya sui-qəsd edən şəxs hökumət əleyhinə aksiyaların iştirakçısı olub

Baş nazir Robert Fitsoya sui-qəsd hadisəsində iştirakda şübhəli bilinən şəxs heç bir radikal qruplaşmanın üzvü olmayıb və təkbaşına hərəkət edib.

APA-nın “Pravda”ya istinadən xəbərinə görə, bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

O həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxsin hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi barədə məlumatları təsdiqləyib.

Qeyd edək ki, Robert Fitso mayın 15-də Handlovej şəhərinə səfəri zamanı sui-qəsdə məruz qalıb. Nəticədə ağır yaralanaraq xəstəxanaya çatdırılan hökumət başçısının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hökumətdən verilən açıqlamada Robert Fitsonun vəziyyətinin ağır olduğu bildirilib.