Ukraynanın bir gözü arxada...

Zelenski ruhdan düşüb, savaş yerimir

Belə görünür ki, Qərb son vaxtlar Kiyevi mövcud reallıqla barışdırmaq istəyir

  Qərb dövlətləri Rusiya ilə əlaqələri tamam kəsmək istəmirlər.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Nyu York Tayms”a müsahibəsində deyib.
Zelenski hesab edir ki, Ukraynanın tərəfdaşları Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsiləcəyindən qorxurlar: “Hər kəs öz səfirliyini bağladı? Xeyr. Hər kəs Rusiya diplomatlarını evinə göndərdi? Xeyr. Hər kəs Rusiya ilə qapıları bir az aralı saxlayır”.
  Strateji Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə “Şərq”ə açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca, bir sıra məsələr üzə çıxır, narazılıq və narahatlıqlar artır: “Müharibənin ilk dövrlərində Rusiyaya qarşı tətbiq edilən total sanksiyalar iqtisadi cəhətdən Rusiyanı zəiflətmək, daxildəki sosial narazılıqları artırmaq məqsədi daşıyırdı. Lakin zaman keçdikdə gördük ki, Rusiya sanksiyalardan yayınmaq yollarını tapdı. Doğrudur, Rusiyaya qarşı tətbiq olunan geniş sanksiyalar ilk dönəmlərdə sözügedən ölkənin valyutasına ciddi təsir etdi. Lakin Rusiya çox tezliklə həm milli valyutanın möhkəmləndirilməsi işini həyata keçirtdi, həm də Çin, Hindistan və digər ölkələr vasitəsilə sanksiyalardan yayınma yollarını tapdı. Xüsusən də, ticarət dövriyyəsinin milli valyutalarla həyata keçirilməsi böyük yardım göstərdi. Hətta Rusiya müharibəni dayandıracağı halda qərb ölkələri Rusiya ilə əlaqələrini yenidən davam etdirmək kimi fikirlər də aktualdır. Eyni zamanda Ukraynaya qərb tərəfindən hərbi dəstəyin, silahların verilməsində müəyyən fasilələrin yaranması müharibədə Rusiya tərəfinə üstünlük yaratdı. Müharibənin ilk vaxtları ilə müqayisədə Rusiya ordusunda dəyişiklik göz önündədir. Dağılmış, pərakəndə, intizamsız bir ordunu artıq döyüş qabiliyyəti artmış, intizamlı bir ordu əvəz edib. Rəsmi Kiyev hesab edirdi ki, Ukraynayla ilə savaşan Rusiya siyasi-iqtisadi, geopolitik sarıdan izolyasiya olunacaq. Bütün qərb ölkələri rəsmi Moskva ilə diplomatik əlaqələri kəsəcək, bu ölkədəki səfirlərini geri çağıracaq. Lakin müharibənin ilk günlərindəcə aparıcı qərb şirkətləri Rusiyanı tərk elədi, amma davamı olmadı. Artıq qərb də anlayır ki, Ukraynaya göndərilən silahlar, ayrılan pullar heç bir effekt vermir, yəni proseslər qərbin cızdığı plan üzrə getmir. Hətta belə görünür ki, Qərb son vaxtlar Ukraynanı mövcud reallıqla barışdırmaq istəyir. Müxtəlif dairələrdən Ukraynaya maliyyə və hərbi yardımın ayrılmasının heç bir mənası olmadığına dair fikirlər səsləndirirlər. Bu da Ukraynanın ərazi bütövlüyü üçün çox ciddi təhlükə vəd etdiyindən Zelenski qərbdən umu-küsü edir”.