Fransa Yeni Kaledoniyada ən qəddar diktaturalara layiq hərəkətlər edir

Özlərinə baxsınlar

  Fransa müstəmləkə siyasətindən əl çəkmir. Yeni Kaledoniyada soyqırımı törətməkdə davam edir. Beynəlxalq təşkilatlar, dünya mətbuatı isə prosesi susqunluqla izləyir. Yalandan insan azadlığı adı altında başqa dövlətlərin daxili siyasətinə müdaxilə edirlər.
  Fransanın daxili işlər naziri Jerald Darmanan 16 may 2024-cü il tarixində "France-2" telekanalına müsahibəsində və daha öncə ölkəmizə qarşı çıxışı zamanı Azərbaycanı diktatura adlandırıb. Rəsmi Bakıdan Fransaya xəbərdarlıq edilib ki, Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.
  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib: "Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləyib, hətta "Le Point" və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir". O qeyd edib ki, bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamafobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur: "Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq".
  Politoloq Qabil Hüseynli isə “Sherg.az"a açıqlamasında deyib ki, fransız hökuməti diktatura görmək istəyirsə, özlərinə baxsınlar: 

“Fransa Yeni Kaledoniyada ən qəddar diktaturalara layiq hərəkətlər edir. Fransa çox yaxşı bilir ki, Azərbaycan onun bu neokolonist siyasətinə qarşı çıxır. Eyni zamanda onun bu siyasətini bütün dünyada ifşa edir. Fransa anti-Azərbaycan kampaniyası aparan ölkələrdən biridir. Bu gün Fransa Ermənistandakı revanşist qüvvələri dəstəkləyir. Eyni zamanda qərbdəki bir çox manipulyativ maliyyə quruluşları vasitəsilə Azərbaycana qarşı qara piar aparmağa çalışır. Bunların təməlində Azərbaycanın bu gün Cənubi Qafqaz regionunda güclü olması və Azərbaycanın Fransanın neokolonist siyasətinə qarşı çıxmasıdır”.
  Q.Hüseynli həmçinin əlavə edib ki, tarix boyu müstəmləkəçiliyin ən qəddar, acımasız formasını, insanlara qarşı terror və qırğınlarla müşayiət olunan hadisələri Fransa həyata keçirib: “Görünür, Afrikada və digər yerlərdə köhnə müstəmləkə sistemindən qalmış ölkələrdəki mövqeyi tamamilə zəifləyən Paris daha da aqressivləşib. Fransanın özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, davam etdirməyə çalışır. Fransanın neokolonialist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Fransanın öz müstəmləkə keçmişinə, soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqaz regionunda neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir. Fransa təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Yeni Kaledoniyada görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən əl çəkmir. Fransa həmin xalqların öz dillərindən istifadəsinə də qadağa qoyur".