ATƏT DTİHB: Aİ ölkələrinin çoxu müşahidəçilərə tam imkan yaratmır, bu isə seçki prosesinin şəffaflığını azaldır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin seçki qanunvericiliyində ciddi fərqlər var və ölkələrin çoxu müşahidəçilərə monitorinq üçün tam şərait yaratmır.

APA xəbər verir ki, bunu ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Xüsusi Seçki Qiymətləndirmə Missiyasının rəhbəri İnqibyörq Solrun Gisladottir 6-9 iyun tarixlərində Avropa Parlamentinə keçirilən seçkilərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Aİ-yə üzv ölkələr arasında beynəlxalq və yerli müşahidəçilərin monitorinq aparmasını təmin edən seçki qanunvericiliyi nəzərəçarpacaq fərqlərə malikdir. Üzv ölkələrin çoxu həm vətəndaşlara, həm də beynəlxalq müşahidəçilərə tam imkan yaratmır, bu isə seçki prosesinin şəffaflığını azaldır. Bu ATƏT-ə üzv bütün ölkələrin götürdüyü öhdəliklərə ziddir ki, bura Aİ üzvü ölkələr də daxildir”, - Gisladottir bildirib.

Missiya rəhbəri seçkilərin ümumilikdə rəqabətli mühitdə keçdiyini və yerli rəsmilər tərəfindən peşəkar hazırlandığını, lakin jurnalistlərə və siyasətçilərə hücumlar kimi insidentlərin baş verdiyini qeyd edib.

O qeyd edib ki, seçkilər artan siyasi qütbləşmə, təhlükəsizlik və yaşayış qayğıları fonunda baş tutub.

Gisladottir əlavə edib ki, Aİ-nin 27 ölkəsindən 361 milyon seçicinin qeydiyyatda olduğu seçkilərlə bağlı yekun hesabat 2 aya dərc ediləcək.