İranda seçkilər: Səid Cəlilinin şansları daha yüksək görünür

İlkin proqnozlar hələ ki dəyişməzdir

“İkinci tur ehtimalını istisna edən bir faktor da odur ki, bu, dövlət başçısının deyil, hökumət başçısının seçkiləridir”

  İranda prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası başlayıb. Bildirilib ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən 6 namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib. Bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək. Seçki üçün qeydiyyat iyunun 3-də başa çatıb və 80-dən çox namizəd səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək. Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir sıra dövlət rəsmiləri həyatını itirib. İran Konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.
Seçki hazırlığı prosesini "Sherg.az"a dəyərləndirən politoloq Cəmaləddin Quliyev deyib ki, İranda prezident seçkilərinin tarixində nəticələrin ikinci turda müəyyən edilməsi praktikası olmayıb. Onun sözlərinə görə, hərçənd 2009-cu il seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, ikinci tur labüd idi. Amma rejim "yaşıl inqilab" adı verilən etiraz aksiyalarını qan içində boğaraq Mahmud Əhmədinejadı qalib elan etməyə üstünlük verdi:

 "İndiki seçkilərdə də ikinci tur olacağı ehtimalı azdır. İslahatçıların daha iddialı namizədləri, eləcə də mühafizəkarların daha radikal qanadını - üsuliləri (fundamentalistləri) təmsil edən daha barışmaz iddiaçılar seçki yarışına buraxılmayıb. Bununla yanaşı seçkidə sürprizlər var. İlkin ehtimallarda əsas seçki rəqabətinin mühafizəkar düşərgə daxilində gedəcəyi gözlənilirdisə, Məsud Pezeşkianın seçkiyə buraxılmasından sonra bütün islahatçı qanadın onun ətrafında konsildasiya müşahidə olunur. Ona Cavad Zərif, islahatçı cəbhə dəstək bəyanatı verib. İslahatçı KİV-lər yarışı "1+5" kimi təqdim edirlər. Bununla realda iki namizəd olduğunu qabardırlar. Pezeşkian müəyyən pozitiv açıqlamaları ilə yadda qalıb. 2009-cu ildə etirazçıları, 2022-ci ildə hicab aksiyalarını dəstəkləyib, Azərbaycan dilində orta təhsil tələblərinə dəstək verib. Amma sərt islahatçı-mühafizəkar debatlarından həmişə yayınıb. Yəni belə demək mümkünsə, mühafizəkarlar üçün ən az təhlükəli rəqibdir".
  C.Quliyev əlavə edib ki, digər mühafizəkar namizədlərdən Qalibaf və ailə üzvləri, xüsusən oğlu haqda bir müddətdir ki, həm islahahatçılara, həm də SEPAH-a yaxın nəşrlərdə bir qaralama kampaniyası gedir: "Odur ki, ilkin proqnozlar hələ ki dəyişməzdir. Səid Cəlilinin şansları daha yüksək görünür. İkinci tur ehtimalını istisna edən bir faktor da odur ki, bu, dövlət başçısının deyil, hökumət başçısının seçkiləridir. Seçici fəallığını yüksəltməkdə nə qədər maraqlı olsa da, seçkinin ölkənin ən əsas siyasi hadisəsinə çevrilməsi də rejimin marağında deyil".