Zatulin: Paşinyan Ermənistanı bizdən qoparır

Ermənistanın KTMT-dən çıxmaq qərarı ölkənin yenidən Qərbə istiqamətlənməsidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Paşinyan öz kursu ilə gedir və bu, tamamilə göz qabağındadır. Ermənistan hökumətinin oriyentasiyasının bütün ictimai əlamətləri 2022-ci ilə aid olsa da, Paşinyanın gəlişi əvvəldən Ermənistanı Qərbə yönləndirmək ideyalarından ilhamlanıb. Paşinyanın uduzduğu Qarabağ müharibəsindəki məsuliyyəti, eləcə də “Qarabağ xalqı”nın gələcək taleyinə dair məsuliyyəti Rusiyanın üzərinə atması da ümumi planın həlqəsi idi”, - o bildirib.

Zatulin qeyd edib ki, Rusiya Paşinyanın siyasətinə əhəmiyyət verməməyə çalışaraq çox şey itirib:

“Dəfələrlə xəbərdarlıq etmişəm ki, Paşinyanı sakitləşdirmək, ona fikir verməyərək İrəvan hökümətilə əməkdaşlıq imkanlarına inanmağa davam etmək bizim zəifliyimiz və ya anlaşılmazlığımız kimi qəbul edilir. Ermənistanın vətəndaş cəmiyyəti ilə hansısa ünsiyyət kanalını saxlamaq üçün məhz 2018-ci ildə Paşinyanın gəlişindən sonra “Lazarev klubu”nu yaratdıq. Ermənistanda hələ də Rusiya ilə münasibətlərə inananlarla hansısa telləri, müəyyən əlaqəni saxlamaq üçün alovu yandırmağa çalışırıq. Ancaq Rusiyanın indiyə qədərki rəsmi kursu kiminsə təqdir edəcəyi ümidi ilə Ermənistanda baş verənlərə tamamilə qarışmamaq, erməni müxalifəti ilə əlaqələri gücləndirməkdən çəkinmək olub. Bu yolda heç nə qazanmamışıq, sadəcə itirmişik”.