Meşə yanğınları: Çanaqqala boğazı qismən bağlandı

Çanaqqala boğazı meşə yanğınları səbəbindən gəmilərin hərəkətinə qismən bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Davam edən meşə yanğını səbəbilə Çanaqqala boğazından şimal-cənub istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti cənubdan şimala doğru davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çanaqqalada meşə yanğınları iyunun 18-dən başlayıb. Məlumata görə, hətta ərazidəki bir kəndin əhalisi təxliyə edilib.

Yanğının söndürülməsinə 9 təyyarə, 6 helikopter, 94 texnika, o cümlədən 540 canlı qüvvə cəlb olunub.