“Yol adam”ının sirri ortaya çıxdı

Yay-qış magistral yolda addımlayır

  Hər gün İstanbulun Tuzla ilə Maltəpə bölgələri arasındakı magistral yolda addımlayan adamın qəribə həyat hekayəsi var. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hər gün kilometrlərlə yolu piyada o baş-bu başa gedib gələn adam sosial mediada "Pendikli Forrest Gump” olaraq tanınır. İstanbulun Tuzla, Pendik, Qartal və Maltəpə bölgələrində magistral yolla avtomobil idarə edən sürücülər hər gün bu adamı görür. Bu adam magistral yolun orta xətti boyunca addımlayır. Onun yolda addımlayarkən çəkilən videoları sosial mediada paylaşılıb və insanlarda maraq oyadıb. Bu “Yol adamı”nın Selami Salman olduğu müəyyən edilib. Anasıyla söhbət zamanı Selaminin “yol sevgisi”nin nədən qaynaqlandığı üzə çıxıb. Selaminin anası Mədinə Salman deyib ki, oğlu gənc yaşlarında mehriban, üzügülər idi. Bir qızla nişanlanmışdı. Sonra nişan pozulub. Həmin vaxt Selami yol qəzası keçirib, başından zədə alıb. Bundan sonra onda psixi pozğunluqlar əmələ gəlib. Onu tez-tez payi-piyada yollarda görməyə başlayıblar. Selami saatlarla magistral yolda addımlayır. Yay demir, qış demir, yağışda, küləkdə, isti havada, yenə yola çıxır, kilometrlərlə yol gedir. Yolda onu görənlərdən kimisi su verir, kimisi yemək. Selaminin ömrü beləcə yollarda keçir. Selami özü də açıqlamasında səhər-axşam yola çıxdığını deyib: “Səhər saat 8-də yola çıxıram. Başqa nə deyim? Siz də yola çıxırsınız, niyə? Hara gedirsiniz? Mən də öz yolumu gedirəm. Yolda yorulmuram, Qartala qədər gedirəm, Tərsanə körpüsünə çatıb geri qayıdıram, evə gedirəm. Millətin axtardığı Selami, mənəm”, söyləyib. Selaminin anası isə çarəsizlikdən nə edəcəyini bilmədiyini deyib: “Sevdiyi qız, çoxdan evləndi, çoluq-çoçuğu da var. Amma bu, evlənmədi. Bilmirəm, nə edim, çarəsizəm”.