Kolumbiya Prezidentinə sui-qəsdin qarşısı alınıb

Kolumbiya Prezidenti Qustavo Petroya sui-qəsd cəhdinin qarşısı alınıb.

APA-nın yerli “Caracol” radiostansiyasına istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri İvan Velaskes jurnalistlərə açıqlama verib.

O deyib ki, vaxtında əldə olunan kəşfiyyat məlumatı yoxlanıldıqdan sonra qabaqlayıcı tədbirlər görülüb.

Bununla bağlı informasiyadan sonra Venesuelanın dövlət başçısı Nikolas Maduro kolumbiyalı həmkarı ilə həmrəy olduğunu açıqlayıb. Onun adından bəyanat verən xarici işlər naziri İvan Hill deyib ki, bir sıra qüvvələr bununla regionda vəziyyəti gərginləşdirmək məqsədi güdür.