ABŞ parlament seçkiləri öncəsi Gürcüstanda “rəngli” inqilab hazırlayır.
Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin ( SVR ) mətbuat bürosu məlumat yayıb. "Vaşinqton parlament seçkiləri fonunda Gürcüstandakı vəziyyətdən son dərəcə narazıdır və “rəngli” inqilab hazırlayır!", - məlumatda qeyd olunub.
Belə hadisələrin gözlənilən olduğunu bildirən politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, faktiki olaraq Gürcüstanda hakimiyyət Qərbə inteqrasiya xəttindən imtina edib:
"Gürcüstanın açıq şəkildə Rusiya və Çin ilə yaxınlaşma yolu tutduğunu görürük. Rusiya və Çin ilə viza rejimi ləğv olundu. Eyni Rusiya ilə sərhədlər açıldı və aviareyslər ləğv edildi. Həmçinin Anakliya limanı Amerikanın əlindən alınıb, Çin və Rusiya şirkətlərinə verildi. Bütün bunlar göstərir ki, Gürcüstan hakimiyyəti tamamilə Çin və Rusiyaya inteqrasiya yolunu tutub. Qərb isə Gürcüstana Avropa İttifaqına üzvlük verib. Ortaya sual çıxır ki, Rusiya və Çinə inteqrasiya edən bir dövlət niyə Avropa İttifaqına üzvlüklə bağlı namizəd olsun. Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıq şəkildə Çinə və Rusiyaya doğru gedəcəklərini bildirdi, ABŞ və Avropanı tənqid etdi. Ona görə də düşünürəm ki, sözügedən seçkilərdə Qərb müxalifəti dəstəkləyəcək. "Xarici agentlər haqqında" qanun layihəsi qəbul olunduqdan sonra Qərb tərəfi müxalifət və etirazçıları dəstəklədi. Eyni zamanda hakimiyyətə qarşı problem yaradan çox böyük etiraz mitinqləri baş verdi. Sözügedən proses seçkilər dönəmində də olacaq. Bütün siyasi analitiklər növbəti seçkilərdə Gürcüstanda böyük İqtidar-Müxalifət və Şərq-Qərb toqquşmasının olacağını gözləyirlər. Ona görə də məlumatı Rusiya Federasiyası Kəşfiyyat Xidmətinin (SVR) ayrıca yayması qəribədir”.