Ermənistan ehtiyac halında "demokratiya adası" kimi bilavasitə Qərbin, digər halda Rusiyanın oyuncağı olur
Kimin demokratiya adası, kimin yalançı ada olmasını gələcək göstərəcək
Gürcüstanda "Gürcü Arzusu" Partiyasının qələbəsi Ermənistanda da ciddi müzakirə mövzusudur. Erməni mediası və ekspertlər hesab edirlər ki, Gürcüstanda hakim partiyanın qələbəsi Qərblə münasibətləri korlayacaq. Nəticədə Cənubi Qafqazda yeganə "qərb adası" Ermənistan olacaq. Erməni şərhçilər sadəcə ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsi ilə bağlı narahatlıq ifadə edirlər. Erməni politoloq Satik Seyranyan deyib ki, əgər "Gürcü Arzusu"nun qələbəsi təsdiqlənsə, qısa müddətdə Gürcüstanla Qərb arasında gərginliyin qorunub saxlanacağı, hətta daha da dərinləşəcəyi göz qabağındadır. Bu bölgə rusiyayönlü bölgəyə çevriləcək. O bildirib ki, bu kontekstdə Ermənistanın qərbyönlü adaya çevriləcəyini və Gürcüstanın missiyasını öz üzərinə götürəcəyini düşünmək çox çətindir: “Regionun ən zəif və ən həssas dövləti olan Ermənistan açıq-aşkar qərbyönlü ölkəyə çevrilə bilməz. Oriyentasiya Qərb olacaq, amma heç bir addım atılmayacaq. Noyabrın 5-də Amerikada keçiriləcək seçkilərdən çox şey asılıdır. Kamala Harris prezident olsa, ABŞ-nin regional siyasəti dəyişməyəcək və hətta bu şərtlər daxilində belə Ermənistan qərbyönlü adaya çevrilməyəcək. Qərb oriyentasiyasının şaxələndirilməsi müəyyən dəyişikliklərə məruz qalacaq. Paşinyanın Rusiyaya səfərləri, addımları həmin diversifikasiyanın məntiqi altındadır”. O xatırladıb ki, Ermənistan çox uzun müddət Avropa Birliyinə üzv olmayacaq.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, ABŞ seçkiləri bütün dünyada bir çox məsələlərə aydınlıq gətirəcəyi kimi Cənubi Qafqazda da öz əhəmiyyətli təsirini göstərəcək. Ekspertə görə, əvvəla, Ermənistan və Gürcüstanın "Qərbin adası", "müttəfiqi" kimi qələmə verilməsi nisbi xarakter daşıyır:
"Ermənistan Qərbin müttəfiqi yox, alətidir. Ermənistandakı hakimiyyətlərin hara meyilli olmasından asılı olmayaraq, bu hər zaman belə olub və belə də olacaq. Ermənistan ehtiyac halında "demokratiya adası" kimi bilavasitə Qərbin, digər halda Rusiyanın oyuncağı olur. 90-cı illərin əvvəllərində də belə idi. Sabiq Rusiya Prezidenti Boris Yeltsin ABŞ-nin istəyi ilə Ermənistanı dəstəkləyirdi. Azərbaycanda isə demokratik yolla seçilmiş Elçibəy hakimiyyətinə qarşı 907-ci düzəliş adı ilə sanksiya tətbiq edirdi. Eyni hadisə Gürcüstanda da son dövrlər davam edir. Rusiya Gürcüstan ərazisini bilavasitə işğal edir, ABŞ Gürcüstanı sanksiya ilə hədələyir. Əslində, ABŞ deməliydi ki, gürcü xalqı əvvəlcə torpaqlarını işğaldan azad etsin, sonra demokratiya məsələsinə baxarıq".
A.Qasımov hesab edir ki, namizəd Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsini Cənubi Qafqazda daha çox gözləyən Azərbaycan olduğu halda Trampın son bəyanatı əslində, narahatlıq doğurur: "Trampın Qarabağ erməniləri ilə əlaqəli fikirləri, ümumiyyətlə, xristian dünyası mövsümünün önə çıxarması həqiqətən də narahatlıq doğuran faktdır. Gürcüstanda hakimiyyətdə "Gürcü Arzusu"nun qalmasının Qərblə münasibətlərdə gərginlik yaradacağı açıqdır. Amma hesab edirəm ki, bu gərginlik bir yerə qədərdir. Qərb əlaqələrin tamamən yox olmasında maraqlı deyil. Tətbiq ediləcək hansısa sanksiya ilə kimisə öz tərəfinə çəkmək olmaz. Bu, əks effekt verəcək. İstər Azərbaycanın, istərsə də Gürcüstanın Qərbdən üz döndərməsi məsələsi nisbi xarakter daşıyır. Azərbaycanın enerji layihələrinin əsas tərəfdaşı Qərbdir və Gürcüstan da tranzit ölkədir. Nə Qərb, nə də biz bu layihələrdən vaz keçərik. Biz Qərblə uzun zamandan bəri görünən və görünməyən tellərlə bağlıyıq. Ona görə də kimin demokratiya adası, kimin yalançı ada olmasını gələcək göstərəcək".