Putin Qərbin ləngliyindən maksimum yararlanır - AÇIQLAMA

Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var


  Pentaqon Şimali Koreyanın Ukrayna müharibəsində təlim keçmək və döyüşmək üçün yaxın bir neçə həftə ərzində Rusiyaya təxminən 10 min hərbçi göndərdiyini iddia edib. Bu addımın müharibəni gücləndirəcəyini və bölgədəki vəziyyəti sarsıdacağını irəli sürülüb. Pentaqon sözçüsü Sabrina Sinq bildirib ki, Şimali Koreya əsgərlərindən bəziləri Ukraynaya yaxınlaşır və onların Kursk sərhəd bölgəsinə getdiyi güman edilir. Hələlik NATO-nun Rusiyanın bu addımına necə reaksiya verəcəyi bilinmir. Ekspertlər bu vəziyyətin Ukrayna ordusuna ciddi təzyiq göstərəcəyini və Hind-Sakit okean regionunda geosiyasi gərginliyi artıracağını bildirirlər. NATO-nun baş katibi Mark Rutte də Şimali Koreya qoşunlarının Kursk bölgəsində olması ilə bağlı Ukrayna kəşfiyyatının məlumatlarını təsdiqləyib. Rutte Brüsseldə jurnalistlərə bildirib ki, Şimali Koreya əsgərlərinin yerləşdirilməsi münaqişənin əhəmiyyətli dərəcədə artmasına və müharibənin təhlükəli həddə çatmasına səbəb olacaq. ABŞ Prezidenti Co Bayden də yerləşdirməni "çox təhlükəli" olaraq qiymətləndirib. ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Antoni Blinken bu həftənin sonunda Vaşinqtonda Cənubi koreyalı həmkarları ilə görüşəcəklər. Görüşdə Şimali Koreyanın bu addımının müzakirə ediləcəyi gözlənilir. NATO müttəfiqlərinin Şimali Koreyanın müdaxiləsinə necə və nə vaxt cavab verəcəyi bəlli deyil. Amma Şimali Koreyanın bu addımına cavab olaraq Ukraynanın Qərbdən tədarük edilən silahlardan istifadəsinə mane olan məhdudiyyətlərin aradan qaldırıla biləcəyi bildirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyan və Moskvanın iyun ayında birgə təhlükəsizlik sazişi imzaladığını və yerləşdirməni təsdiqləməkdən çəkindiyini deyərək NATO-nun şərhlərini rədd edib. Lavrov onu da xatırladıb ki, Ukrayna ordusuna Qərb tərəfindən verilən uzaqmənzilli silahlardan istifadə etməkdə kömək etmək üçün xarici qoşunlar uzun müddətdir Ukraynada yerləşdirilib. Donetsk bölgəsində Rusiyanın ağır təzyiqi altında olan Ukrayna gələn həftə ABŞ-də keçiriləcək prezident seçkilərindən daha pis xəbərlər ala bilər. Donald Tramp qalib gəlsə, ABŞ-nin Ukraynaya hərbi yardımının azalacağı gözlənilir. 

  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin ləngliyindən maksimum yararlanmağa çalışır. Analitiklərə görə, bəziləri düşünə bilər ki, Putinin Şimali Koreya hərbi qüvvələrini Ukrayna müharibəsinə cəlb etməsi yalnız Rusiyanın hərbi potensialının zəifləməsi ilə bağlıdır: "Yəni Rusiya ordusu Ukraynanın şərqində işğal zonasını genişləndirərkən Putinin Kursk vilayətini azad etmək üçün əlavə hərbi qüvvəyə ehtiyacı olub və Kreml sahibi bu məqsədlə Şimali Koreyaya müraciət edib. Bunda həqiqət payı var, hətta Rusiya bunun əvəzinə Şimali Koreyaya ərzaq yardımı söz verib. Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var. Putin bununla ABŞ və Avropa İttifaqını müttəfiqi Ukraynanı qoruya bilmədiyini göstərib. Putin sanki demək istəyib ki, Rusiya uğrunda döyüşmək istəyən dövlət varkən, NATO ölkələri Ukraynanı yalnız sözdə dəstəkləyirlər. Elə Ukrayna Prezidenti Volodimir Zelenski də təxminən eyni fikirdədir. Zelenskinin sözlərinə görə, Qərb liderləri Ukraynanı NATO üzvlüyünə qəbul etməmələri bir yana, sadəcə, rəsmi dəvət ifadəsindən də çəkinirlər. “Bu, ədalətli deyil. Sadəcə yox deməyin bir yoludur” - deyən Zelenski Ukraynaya səmimi cavab verilmədiyi qənaətindədir. Ukraynanın ərazi bütövlüyünü təmin edib-etməməsi ABŞ-də prezident seçkisinin nəticəsindən asılı vəziyyətə salınıb. Ukraynanın yalnız öz resursları hesabına torpaqlarını geri qaytara biləcəyi sual altındadır. Ukrayna ordusu Rusiya ilə yanaşı liderlərinə fanatikcəsinə bağlı Şimali Koreya ordusu ilə də savaşmaq məcburiyyətindədir".