Vaşinqtonun bölgəyə münasibətinin necə olacağı həm də Trampın yanında kimlərin yer alacağına bağlıdır
ABŞ-də prezident seçkilərinə az qalmış namizədlər arasında da mübarizə gərginləşib. Ölkə miqyasında keçirilən son rəy sorğularına görə namizədlərin hər ikisi - həm Donald Tramp, həm də Kamala Harris bərabər göstəricidə səs alırlar. Tərəflər arasındakı debatlar və seçki kampaniyası da səs fərqini artıra bilmir. Həm respublikaçı, həm demokratlar bir-birinin zəif tərəflərini tez aşkara çıxarır və həmin istiqamətdən hücuma keçirlər. Seçki kampaniyasında tərəflər müdafiədən daha çox hücuma üstünlük verirlər. Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə demokratları ölkənin hazırkı vitse-prezidenti Kamala Harris, respublikaçıları isə Ağ Evin sabiq rəhbəri Donald Tramp təmsil edəcək.
Namizədlər seçki gününə bir neçə gün qalmış səsləri təmin etmək üçün son addımlarını atırlar. Demokratlar Partiyasının namizədi Harrisin çərşənbə axşamı Ağ Evin yaxınlığındakı çıxışında, özünün dediyi kimi, “bağlanış nitqini” söyləyib. Tramp isə qalibin müəyyən edilməsində mühüm ola biləcək yeddi ştatdan biri olan Pensilvaniyada təşfiqat mitinqini keçirib. Harris insanların həyatını yaxşılaşdırmaq üçün çalışacağını və Ağ Evə görüləcək işlərin siyahısı ilə gələcəyini vəd etdiyi halda, Tramp yalnız özünə fokuslandığını və yeni müddətə düşmənlər siyahısı ilə başlayacağını bildirib.
Donald Tramp həmçinin sosial media hesabında yazıb ki, demokratlar administrasiyası amerikalıları xaricdə “axmaq müharibələrə” göndərir: “Onlar xalqımızı və pulumuzu axmaq xarici müharibələrə yönəldir”.
Bütün telekanallarda Trampın "MSG"-də mitinqi amerikalı nasistlərin 1939-cu ildəki mitinq ilə müqayisə olunur.
Siyasi şərhçi Elvin Baxşalızadə də “Sherg.az”a açıqlamasında deyib ki, həm Tramp, həm də Kamala Harris kəskin rəqabət şəraitində mübarizəni davam etdirir:
“Keçirilən son rəy sorğuları hər iki namizədin qələbə şansının yüksək olduğunu göstərir. Ortada ciddi fərq yoxdur. Seçkinin taleyini böyük ehtimalla "swing" ştatlardakı nəticələr müəyyən edəcək. Hazırda namizədlər yekun qələbə üçün əllərində olan bütün vasitələrdən və əlaqələrdən istifadə etməyə çalışır. Məsələn, milyarder-altivist İlon Mask artıq bir müddətdir ki, Trampın kampaniyasında aktiv rol oynamaqdadır. Mask böyük mitinqlərə qatılır, orada "atəşli" çıxışlar edir və xalqdan Tramp üçün dəstək istəyir. Bundan başqa İlon Mask Trampın seçki kampaniyasına ciddi həcmdə maliyyə dəstəyi verir. "Bloomberg" -in məlumatına görə, İlon Mask iyuldan sentyabra qədər Trampın rəhbərlik etdiyi Respublikaçılara dəstək üçün 75 milyon dollar ayırıb. Vəsait Mask tərəfindən yaradılan "The America PAC" adlı komitəyə göndərilib. Hazırda "The America PAC" sırf seçki prosesinə fokuslanıb və əsas fəaliyyət zonası "swing" ştatlardır. Qeyd olunanlardan əlavə İlon Mask oktyabr ayında Pensilvaniyada seçicilərlə görüşmək üçün bir neçə gün vaxt sərf etməli olub. Maraq doğuran əsas məsələ də odur ki, bu qədər ciddi dəstək və vaxt sərfiyyatının qarşılığında Tramp Maska hansı vədi verib? Planetin ən zəngin adamını hansı "yağlı tikə" iştaha gətirib?
Əslində, bu barədə Tramp bir müddət əvvəl üstüörtülü şəkildə mediaya məlumat vermişdi. O, prezident seçiləcəyi təqdirdə Maskı yeni yaradılacaq dövlət səmərəlilik komissiyasının başçısı təyin etməyə söz verib. İlkin məlumatlara görə, bu orqana dövlətin fəaliyyətinin və maliyyələrinin tam auditini aparmaq səlahiyyətləri veriləcək. Ölkədə aparılması zəruri hesab olunan "radikal islahatlar" üçün tövsiyyələr verəcək. Belə görsənir ki, bu orqanın fövqəladə dərəcədə yüksək səlahiyyətləri olacaq. Bir neçə gün əvvəlki çıxışlarının birində isə Mask Trampın prezident seçiləcəyi təqdirdə federal xərcləri minimum 2 trilyon dollar azalda biləcəyi ilə bağlı vəd verib. Fikrimcə, təkcə bu vədin özü Tramp-İlon Mask tandeminin necə böyük və radikal dəyişikliklərə hazırlaşdığını ortaya qoyur.
Beləliklə, Mask özü üçün yaranmış bu fürsətdən maksimum yararlanmağı və böyük siyasətə daxil olmağı hədəfləyir. Seçki kampaniyasına sərf olunmuş 75 milyon dollarlıq maliyyə yardımı Maskın ümumi sərvətiylə müqayisədə çox kiçik məbləğ sayılır. Məntiqlə doğru “stavka”dır. "Yağlı tikə" üçün qeyd olunan maliyyə itkisini gözə almaq olar. Tramp qalib gələcəyi halda isə İlon Mask müstəsna səlahiyyətlərə sahib "amerikan oliqarxına" çevriləcək”.
Siyasi şərhçinin sözlərinə görə, bu stavkanın əsas riski isə Kamala Harrisin qələbə ehtimalıdır. O bildirib ki, xanım namizəd qalib gələrsə, Trampa bu şəkildə açıq dəstək Maskın ABŞ-dəki bizneslərini müəyyən dərəcədə riskə ata bilər:
“Ona qarşı hansısa təzyiqlər ola bilər. Lakin mənim zənnimcə, Harris planetin ən zəngin iş adamının üzərinə çox getməyəcək. Çünki İlonun ABŞ mərkəzli bir neçə qlobal layihəsi hazırda işlək vəziyyətdədir. Söhbət hazırda və yaxın gələcəkdə ABŞ-yə böyük dividendlər və strateji üstünlük verə biləcək layihələrdən gedir. O layihələri dayandırmaq və Maskı "ürkütmək" ABŞ-yə dövlət səviyyəsində çox böyük itkilər gətirə bilər”.
Şərhçinin sözlərinə görə, ABŞ-də baş tutacaq prezident seçkilərində Donald Tramp qalib gələrsə, Vaşinqtonun Cənubi Qafqaza yanaşması dəyişə bilər. Lakin ABŞ-nin bölgəyə münasibətinin necə olacağı Trampın yanında kimlərin yer alacağına bağlıdır. İndidən konkret fikir bildirmək real deyil.