Əlvida, Şolts! -“Alman Tramp” adlandırılan Merts sərt proqramları ilə seçilir

Merts "Almaniya üçün alternativ" partiyası ilə ittifaqa getmək istəmir

Almaniyada federal seçkilərinin nəticələrinə görə Olaf Şoltsun partiyası Sosial Demokratlar Partiyası məğlub olub. 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik ittifaqının lideri Fridrix Merts yeni kansler olacaq. “Alman Tramp” adlandırılan Merts sərt proqramları ilə seçilir. Merts Ukraynaya dəstəyi ilə tanınır, lakin seçkidən öncə - Tramp-Putin danışıqlarından sonra onun “Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün ciddi cəhdlər göstərməli olacağı” haqda açıqlaması da diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Amma Mertsin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir.
Seçkilərdə əsas diqqətçəkən məqam isə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə rekord səs (20 faiz) qazanaraq, ikinciliyə yüksəlməsidir. Dörd il əvvəl AfD cəmi 9,7 faiz səs toplamışdı. İfrat sağçıların yüksəlişi Almaniya siyasətində dönüş nöqtələrindən biri ola bilər. Ekspertlərə görə, bu yüksəliş Avropa İttifaqının gələcəyini, ümumilikdə Avropanın güc mərkəzi olmaq strategiyasını da təhlükə altına atır. 

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov "Sherg.az"a deyib ki, Almaniyada hər seçici iki səs verir. Ekspertin sözlərinə görə, “Erstimme” adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir:
"“Zweitstimme” adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir: "Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq. Qalib gələn XDİ/XSİ əsasən kiçik sahibkarlar, fermerlər, kənd və rayonların sakinləri tərəfindən dəstəklənir. XX əsrdə bir neçə dəfə hakimiyyətə gələn partiyanın tanınmış liderləri içərisində Angela Merkeli deyə bilərik. Yəqin ki, əhalinin daha çox hissəsinin bu partiyaya səs verməsinin səbəbləri arasında başda elə bu faktor dayanır. Çünki Merkel dövründə Almaniya Aİ-də birinci dövlət olmaqla yanaşı dünyada vacib beynəlxalq aktor sayılırdı. Bəlkə də, son 100 ildə ilk dəfə olaraq məhz Merkelin dövründə Almaniya Qərbin əsas söz sahibi dövlətlərindən birinə çevrildi. Şolts dövründə isə Aİ-də liderlik Fransaya qayıtdı və istər ümum Avropa məsələlərində, istərsə də Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəssürat bağışlayırdı".

Analitikin fikrincə, Merts ABŞ-nin Ukraynanın gələcəyinə “nisbətən biganə” olduğunu bəyan edib:
 "O əlavə edib ki, Elon Mask və Vaşinqtonun Almaniya seçkilərinə müdaxiləsi Moskvanın müdaxiləsindən heç də az kəskin və qəddar olmayıb. Öz növbəsində, Mertsi ilk olaraq Tramp təbrik edib və mühavizəkarların hakimiyyətə gəlməsindən məmnunluğunu dilə gətirib. Merts bundan sonra kiminlə koalisiyaya gedəcəyini düşünməlidir. O, mütləq çoxluq qazanmayıb və Fransada olduğu kimi Almaniyada da qalib gələn partiya hökuməti digər partiyalardan biri ilə qurmalıdır. Hələlik, bircə məsələ aydındır, Merts "Almaniya üçün alternativ" partiyası ilə ittifaqa getmək istəmir. Digərləri ilə danışıqlar aparılır. Gözləyək..".