Zelenski kreslodan əl çəkmək istəmir -AKTUAL

O, öz taleyi ilə Ukrayna taleyi arasında seçim edə bilmir 
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Bu barədə “The Guardian” məlumat yayıb. Zelenskinin Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub. 
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.
Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.
Bir çox ekspertlər isə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxış yolu axtarışlarının nəticəsiz qalacağını güman edir. 
Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi ətrafında həlqə daraldıqca, Zelenski çıxış yolu axtarır. Çünki ABŞ Prezidenti Donald Tramp Zelenskini silah-sursatla şantaj edir, onun prezidentlikdən istefasını və Ukraynada seçkilərin keçirilməsini tələb edir. Zelenski isə maliyyə yardımı üçün müxtəlif ölkələrlə danışıqlar aparır, rəsmi səfərlər edir. 
ReAl Partiyasının sədri Natiq Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Zelenski öz taleyi ilə Ukrayna taleyi arasında seçim edə bilmir, üstünlüyü Ukraynanın gələcəyinə verə bilmir, kreslodan əl çəkmək istəmir:
 “Bir xatırlatma edim, Mixeil Saakaşvili Gürcüstanda korrupsiyanı ləğv edən, məhkəmələri ədalət düzəninə salan, polis orqanlarını xalqa xidmət etdirən, bir sözlə, sistem quran lider olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq. 
2008-ci il müharibəsi, sonra Rusiya ilə “atəşkəs” imzalaması, Abxaziya və Cənubi Osetiyanın de-fakto itirilməsi Saakaşviliyə baha başa gəldi – həm vəzifəsini itirdi, həm də reytinqi yerlə-bir oldu. Günü bu gün də xalqın böyük bir hissəsi Saakaşvilini qəbul etmir, ondan zəhləsi gedir. Amma Gürcüstan sağ qaldı, ölkəsi inkişaf yolu ilə getdi, turizm mərkəzinə çevrildi, əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı.
Üç ildir Ukraynanı viran qoyan, işğal edən Rusiyanın, Gürcüstanla bağlı planları da başqa idi – rəsmi Tbilisi Rusiyanın boyunduruğuna girməli, Moskvaya tam loyal ölkəyə çevrilməli, Saakaşvili isə Moskvanın ortasında asılmalı idi. Məhz Mişanın öz həyatını, vəzifəsini Gürcüstana qurban verməsi Putinin bu arzularının gerçəkləşməsinə mane oldu. 
Gürcüstan hadisələrində dişsiz və onurğasız davranan Avropa və kollektiv Qərb, Putinin daha da aqressiv olmasına səbəb oldu. Sonra olanları bilirsiniz – Krımın işğalı, yenə səssizlik, Ukraynaya 2022-ci ildə vəhşicəsinə hücum – yenə Qərbin onurğasızlığı”. 
N.Cəfərlinin sözlərinə görə, Zelenski 2022-ci ilin  aprelində “İstanbul anlaşmaları”nı imzalasaydı, Ukraynada yüz minlərlə insan sağ qalacaqdı, çoxsaylı kəndlər, şəhərlər dağılmayacaqdı:
 “Ən əsası, bu gün Ukraynanı daha pis şərtlərlə atəşkəsə sürükləməzdilər. Bütün bunların qarşısını Zelenski 2022-nin aprelində Türkiyənin minbir əziyyətlə qurduğu masada ala bilərdi. Amma...
Amması da odur ki, “atəşkəs” olsaydı, Ukrayna daxili siyasətində bütün “oxlar” Zelenskiyə çevriləcəkdi, növbəti seçkiləri Saakaşvili kimi uduzacaqdı. Bu mütləq belə olacaqdı, çünki müharibə dayanan kimi suallar artacaqdı, ittihamlar çoxalacaqdı. Zelenski buna görə 2022-nin aprelində atəşkəsə getmədi, elə indi də atəşkəsdən yayınmaq istəyi sonrakı dövrdə ona ünvanlanacaq ciddi ittihamlardan qaçmaq cəhdidir. 
Hələ də gec deyil, öz siyasi karyerasını Ukrayna üçün daha yaxşı şərtlərlə dəyişə bilər – bunun üçün ürək, Saakaşvili qədər vətənsevər olmaq lazımdır. Çünki qəhrəman Ukrayna xalqı yaxşı gələcək istəyir, ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir”.