
Vətəndaşlığı olmayanlar döyüş meydanına göndəriləcək -AÇIQLAMA
Xəyal Bəşirov: “Rusiya sərhədləri boyunca canlı qüvvə böhranı yaşayır”
Rusiya Prezidenti Vladimir Putin yeni bir qanun imzalayaraq vətəndaşlığı olmayan şəxslərin Rusiya Silahlı Qüvvələrində xidmət etməsini qanuni hala gətirib. Bu addım Kreml rəhbərliyinin orduda yaşanan kəskin insan resursu çatışmazlığını ört-basdır etməyə çalışdığını göstərir. Ekspertlərin fikrincə, bu qərar həm Rusiya cəmiyyətində səfərbərliyə qarşı artan narazılığı nəzərə almaq məqsədi daşıyır, həm də əsasən Orta Asiyadan gələn, sosial baxımdan həssas miqrant qruplarının daha rahat şəkildə hərbi xidmətə cəlb edilməsini təmin edir. Yeni qanun Rusiya müdafiə sisteminin həm kəmiyyət, həm də keyfiyyət baxımından ciddi böhran içində olduğunu ortaya qoyur.
Ən narahatedici məsələ vətəndaşlığı olmayan əmək miqrantlarının, yəni bazarlarda, küçələrdə, tikintilərdə çalışan minlərlə insanın artıq kütləvi şəkildə toplanaraq orduya göndərilməsi ehtimalıdır. Bu proses qismən artıq başlayıb. Məlum olduğu kimi, ötən aylarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırıkin açıqlamışdı ki, indiyədək 20.000-dən çox heç bir vətəndaşlığı olmayan miqrant zorla Ukrayna ilə döyüş bölgələrinə aparılıb.
İndi isə bu yeni qanun bu praktikanı tam qanuniləşdirir və institusional xarakterə salır. Yəni artıq bazardan, küçədən, tikintidən aparılan miqrantları formal müqavilələrlə “qanuni əsgərə” çevirib cəbhəyə göndərəcəklər.
Prezident Vladimir Putinin imzaladığı yeni qərar ölkəmizdə narahatlıqla qarşılanıb. Bildirilir ki, bu, xüsusilə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları üçün təhlükə yarada bilər. Hətta onların məcburi formada müharibəyə cəlb ediləcəyi iddia edilir.
Politoloq Xəqani Cəfərli deyib ki, Rusiya hakimiyyəti ümumi səfərbərliyin cəmiyyətdə sosial partlayışa səbəb olmasından narahatdır: “Moskva Ukrayna münaqişəsində işğalçı ordusunu canlı qüvvə ilə təmin etmək üçün müxtəlif üsullara əl atır. Dustaqların və əcnəbilərin orduya cəlb edilməsi, habelə Şimali Koreyadan əsgər “idxalı” Rusiyanın ehtiyaclarını ödəməyə yetmir. Vətəndaşlığı olmayan şəxslərin kütləvi şəkildə prosesdə iştirakını təmin etmək üçün qanunvericilikdə dəyişikliklər edilib. Bu isə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının zorla müharibəyə aparılmasına yol aça bilər”.
Politoloq bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici hərbi birləşmələrdə iştirak cinayət hesab olunur:
“Rəsmi Bakı bu məsələ istiqamətində ciddi addımlar atmalı, maarifləndirmə işləri aparmalı və Rusiya hakimiyyətinə xəbərdarlıq etməlidir. Qanunsuz olaraq Rusiyanın ordusuna qoşulanlara qarşı cinayət işi açılması isə Azərbaycan vətəndaşları üçün ciddi bir çəkindirici tədbir ola bilər”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Sherg.az-a açıqlamasında deyib ki, Rusiya tərəfi çoxdan bu qanunun qəbul edilməsinə çalışır, bununla bağlı müxtəlf müzakirələr aparılırdı. Politoloqun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi fonunda tərəflərin ən çox əziyyət çəkdiyi məsələ canlı qüvvədir:

“Rusiyanın əhalisi Ukraynadan dəfələrlə çox, ordusunun böyük olmasına baxmayaraq, ciddi məhrumiyyət yaşayırlar. Belə ki, bu gün Ukrayna üçün yeganə düşmən faktoru Rusiya olsa da, Rusiya eyni vaxtda bir neçə cəbhədə mümkün qarşıdurma ehtimalı ilə üz-üzədir. Keçmiş Sovet İttifaqının hüquqi varisi olan Rusiya imperiya siyasətini davam etdirir və bu səbəbdən də bir sıra münaqişə ocaqlarının mərkəzindədir.
Skandinaviya ölkələri, Finlandiya və İsveçlə qarşılıqlı ittihamlar, bəzən də sərhəddə rotasiyaların şahidi oluruq. Baltikyanı dövlətlərlə Rusiya arasında da hər an müharibəyə çevriləcək qığılcımlar olur. Moldovada Dnestryanı bölgədə də proseslər davam edir.
Cənubi Osetiya və Abxaziya cəbhəsini də unutmaq olmaz. Bu istiqamətdə də zaman-zaman gərginlik yaşanır və bu bölgələrdə vəziyyət səngimiş görünsə də, münaqişə ocağı aktivdir. Bir sözlə, Rusiya bütün sərhədləri boyu hərbi təhlükə ilə üz-üzədir.
Qərb qüvvələri Rusiyanın Ermənistandakı hərbi bazasını oradan çıxartmaq niyyətində olduğundan Rusiya oradakı əsgərlərinin sayını da artırmaq niyyətindədir.
Digər tərəfdən, Rusiya Çinlə hazırda müttəfiq olsa da, Asiyada liderlik uğrunda rəqabət davam edir. “İki qoçun başı bir qazanda qaynamaz” prinsipi ilə yanaşsaq, Rusiya ilə Çin arasında da uzunmüddətli gərginlik potensialı qalır.
Bütün bunlar onu deməyə əsas verir ki, 17 milyon kvadrat kilometrlik əraziyə sahib olan Rusiyanın bütün sərhədləri boyunca canlı qüvvəyə ehtiyacı var. NATO-ya rəqib olaraq yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da demək olar ki, əsas heyəti Rusiya əsgərlərindən ibarətdir”.
X.Bəşirovun sözlərinə görə, Ukrayna cəbhəsində onminlərlə, bəzi mənbələrə görə isə yüzminlərlə əsgər və zabitini itirən Rusiya artıq vətəndaşlarının orduya cəlb edilməsi ilə ehtiyaclarını qarşılayacaq səviyyədə deyil. Məhz bu səbəbdən son vaxtlar Şimali Koreyadan muzdlu döyüşçülərin gətirildiyinə dair məlumatlar da yayılıb:
“Putin də vətəndaşlığı olmayan şəxslərin Rusiya Silahlı Qüvvələrində xidmət etməsi arzusunu reallaşdırmaq üçün belə bir qanun qəbul edib. Rusiyanın bu qərarında bizim üçün ən narahatedici məsələ vətəndaşlığı olmayan əmək miqrantlarının, yəni bazarlarda, küçələrdə, tikintilərdə çalışan minlərlə insanın artıq kütləvi şəkildə toplanaraq orduya göndərilməsi ehtimalıdır. Yəni bu qərar Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları üçün təhlükə yaradır. Çünki Rusiyanın məsələyə yanaşmada qanunun şərtlərinə riayət edəcəyinin özü belə sual altındadır. Qanun könüllülük prinsipinə əsaslansa da, real praktikada bu insanlar məcburi şəkildə müqavilə imzalamağa vadar edilə bilər. Belə halların sübutu isə faktiki olaraq mümkün olmayacaq. Yəni Rusiya etnik mənsubiyyəti olan insanları məcburi şəkildə cəbhəyə aparıb, onlara zorla müqaviləyə imza atdıracaqlar ki, guya könüllü yazılıb. Bunun əksini isə heç kəs sübut edə bilməyəcək. Bu qanunun qəbulundan sonra Azərbaycandan, Mərkəzi Asiyadan olan insanların məcburi şəkildə Rusiya- Ukrayna döyüşlərinə cəlb edilməsinin şahidi ola bilərik. Bu, istisna deyil. Bu da miqrantların kütləvi şəkildə Rusiyanı tərk etməsinə səbəb olacaq. Yəni etnik mənsubiyyəti olan şəxslər ya öz ölkələrinə qayıtmaq məcburiyyətində qalacaq, ya da Rusiyanın təzyiqi ilə “könüllü” olaraq döyüşlərə qoşulacaqlar ki, bu da dəhşətli nəticələrə səbəb olacaq”.