Tarixin müxtəlif dövrlərində siyasi hadisələr və ideoloji hərəkatlar xalqların yaddaşında dərin izlər buraxıb, bu izlər isə zamanla milli kimlik və düşüncə sistemlərinin formalaşmasına təsir göstərib. Xüsusilə XX əsrin ortalarında baş verən proseslər Türk dünyasında ideoloji və ictimai baxımdan mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu dövr təkcə siyasi hadisələrlə deyil, həm də fikir cərəyanlarının güclənməsi və milli şüurun yenidən formalaşması ilə yadda qalıb.
Bu kontekstdə 3 may 1944 hadisələri Türkçülük düşüncəsinin tarixində xüsusi yer tutur və illər keçsə də, həmin dövrdə baş verənlərin təsiri müxtəlif səviyyələrdə müzakirə olunmağa davam edir. Türk dünyasının tarixi, mədəni irsi və ortaq dəyərləri çərçivəsində bu proseslər həm keçmişin anlaşılması, həm də bu günün ideoloji mənzərəsinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türk Dünyası Tarixi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi professor Naci Yengin Sherg.az-a 3 may 1944-cü ildə yaşananların və Türk dünyasını dərindən təsirləndirən həmin günün heç zaman unudulmadığını deyib:
"Həmin vaxt baş verən hadisələrin 82-ci ildönümündə Türkiyə və Türk dünyası Türkçülük hərəkatını anlamağa və anlatmağa davam edir. 1944-cü ildən bu günə qədər Türk milliyyətçilərinin yaşadığı dram, çəkdiyi acı, əziyyət və işgəncələr günümüzdə qismən azalsa da, Şərqi Türküstanda Uyğur türklərinin həyatına təsir etməyə və türklüklərinin yox edilməsinə davam edilir. Türkiyə Cümhuriyyəti Osmanlının dağılma prosesinə daxil olduğu son 200 illik çətinliklərdən sonra qurulmuş müasir, çağdaş dövlətdir. Atatürkün rəhbərliyini etdiyi Türk Qurtuluş Savaşı yalnız Türk dünyasına təsir etməklə kifayətlənməyib, dünyada məzlum xalqlara nümunə olub. Türkiyə Cümhuriyyətinin müstəqillik mübarizəsinu Türk xalqları və dünyanın digər dövlətləri nümunə götürüblər. Atatürk və silahdaşlarının 29 oktyabr 1923-cü ildə elan etdiyi Türkiyə Cümhuriyyəti Dövləti, Türk İstiqlal Hərəkatı və Türkiyə Cümhuriyyətinin müstəqilliyinin əsasının Türk milliyyətçiliyinə dayandığı gerçəyi Atatürkün ölümünə qədər davam etdi".
Professor 1912-ci ildə Türk ziyalılarının Türk Ocaqlarının fikirlərini mənimsəyən Atatürk dövründə Xalq Evləri qurduğunu qeyd edib:
"Xalq Evlərinin ən mühüm missiyası Türk tarixini, Türk mədəniyyətini ortaya çıxarmaq və Türkləri yenidən layiq olduğu kimi dünya mədəni millətləri arasında yerləşdirmək idi. Atatürk dövründə həyata keçirilən islahatlara baxıldıqda Türk mədəniyyət və irsini ön plana çıxaran islahatlar qarşımıza çıxır. Türkiyə Cümhuriyyətinin müstəqilliyi əlbəttə ki, bir çox dövləti narahat etdi. O dövrdə əhalisinin bir çoxu Türk olan Sovet İttifaqı Türkiyə Cümhuriyyətinin müstəqilliyindən ən çox narahat olan dövlətlərdən birinə çevrilmişdi. Sovet İttifaqının hakimiyyəti altında yaşayan Türk xalqlarının bir gün müstəqil olacağını və Türkiyənin bu mövzuda Türk qardaşları ilə bağlarını hər zaman güclü tutması lazım olduğunu xatırladan yenə də Qazi Mustafa Kamal Atatürk idi. Atatürkün ölümündən sonra Türkiyəni idarə edənlər daha çox Qərb mədəniyyəti və dəyərlərini araşdıran kadrlar oldular".
Tarixçi bildirib ki, bu prosesdə 3 May 1944-cü ildə ortaya çıxan Nihal Atsız, Nejdet Sancar, Zeki Velidi Toğan, Alparslan Türkeş, Reha Oğuz Türkkan kimi ziyalıların başlatdığı Türkçülük Hərəkatı işgəncə və bir çox zülmlə qarşılaşıb:
"O gündən sonra 3 may 1944 Türkçülük Hərəkatı yalnız Türkiyədə deyil, Türk dünyasında bir başlanğıc və Türklərin yenidən doğuluşu, Ərgənəkon hərəkatı kimi qəbul edilir. Türkçülük Hərəkatı Türk dövlətlərinin Türk mədəniyyət və irsi ilə ayaqda qalmasını təmin etmək məqsədilə fəaliyyətlərini sürətləndirdi. Türkiyədə başlayan Türkçülük hərəkatı Qafqazlardan-Türküstana, Balkanlardan-Çin Səddinə, Adriatikdən- Anadoluya, Kərkükə, Misirə, Krıma və Suriyaya qədər geniş coğrafiyanı əhatə edən Türk dövlət və mədəniyyət idealını yenidən həyata keçirməyi hədəfləyən hərəkatdır. Türkçülük hərəkatı heç zaman irqçilik hərəkatı kimi qəbul edilməyib. Türkçülük hərəkatı Tanrının türkləri dünyaya rəhbərlik etsin deyə yaratdığı fəlsəfəsinə inanan və dünyaya ədalət, insanlıq və sülh gətirməyi hədəfləyən universal hərəkatdır. Türkçülük hərəkatı bütün xalqları bərabər görən, Türk xalqlarının qədim mədəniyyətləri ilə ayağa qalxması və azad yaşamasına inamdır. Türkçülük günümüzdə Türk dünyasının müstəqilliyini, əbədi və əzəli qardaşlığını əsas alan hərəkatdır".
Müsahibimiz vurğulayıb ki, Türkçülük hərəkatı Türk millətinin mədəni, tarixi və strateji birliyini vurğulayan 3 may 1944 tarixi ilə birlikdə simvolik anım gününə çevrilib:
"Türkçülük hərəkatı günümüzdə Türk dünyasının tarixi, dili və mədəni dəyərləri üzərində aparılan tədqiqatların əhəmiyyətini vurğulamaq məqsədilə müxtəlif tədbirlər təşkil edir. Türkçülük əsasən Türk millətinin dil, tarix və mədəni birlik prinsipinə dayanır. Bu hərəkatın inkişafı Türk dünyası ilə münasibətləri aşağıdakı istiqamətlər üzrə formalaşdırılıb:
Mədəni Bütövləşmə: Türk ləhcələri arasındakı qarşılıqlı əlaqənin artırılması, ortaq tarix şüurunun formalaşdırılması və mədəni irsin qorunması.
Strateji və Akademik yanaşma: Türk dünyasının ortaq tarixi və strateji problemlərinin elmi metodlarla araşdırılması.
Müasir Kommunikasiya: Rəqəmsal dövrdə Türk dövlətləri və topluluqları arasında sürətli informasiya axını təmin edəcək texnoloji infrastruktur və şəbəkələrin qurulması hədəflənir".