İran hazırda iqtisadi çöküş mərhələsinin sonlarını yaşayır. Uzun illər sanksiyalar altında olsa da, kənd təsərrüfatının və əsas strateji məhsullar üzrə özünü təmin etmək həddinə çatmış istehsal-emal sənayesinin qismən inkişafı səbəbindən İranın iqtisadiyyatı tab gətirirdi. Lakin İran iqtisadiyyatın ayaq üstə qalmasının əsas səbəbi bu deyildi.
Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı Elman Sadıqov deyib.
Onun sözlərinə görə, əsas səbəb İranın çıxardığı nefti sanksiyalardan müxtəlif yollarla yayınaraq Çinə, qismən də Hindistana sata bilməsi idi:

"Kənd təsərrüfatı, sənaye-emal sahələri iş adamlarının, əhalinin rifahına töhfə verir, sosial sabitliyin nisbətən təminatı rolunu oynayırdı. Lakin neft-qaz gəlirləri birbaşa hökumətin, o cümlədən SEPAH-ın saxlanmasına, kvazi güclərin maliyyələşməsinə sərf olunurdu. Son 1 aydır ABŞ blokadası İranı neft satışından məhrum edib. İranda hazırda bütün tankerlər doludur, neft anbarları isə tam dolmaq üzrədir. İran neft anbarlarının dolmasını nəzərə alaraq neft istehsalını azaltmağı qərara aldı. Neft istehsalı tədricən sadəcə daxili təlabata uyğunlaşacaq. Lakin İranda nefti saxlamağa yer tapmırlar, xam neft çox ucuzdur, lakin neft məhsullarının, benzin, dizel və sair qiymətləri kəskin artır və artmaqda davam edəcək. Çünki, neftayırma zavodlarının gücü müharibədən öncəki gücdə deyil. Çünki, iqtisadiyyat, sənaye çökür. Ümumi nəticə nədir? İranda hətta SEPAH daxil olmaqla bir sıra qurumların maliyyələşməsi, maaşların verilməsində çətinliklər, gecikmələr yaranmağa başlayıb. İranda hökumət daxilində narazılıq artır. Hətta İran Prezidenti Xarici İşlər Naziri Abbas Araqçini ona deyil, SEPAH-a məruzə etmək, SEPAH-la birbaşa addımlar atmaqda günahlandırıb. Baxmayaraq ki, Trampın "İran daxilində fikir birliyi yoxdur" mesajına cavab olaraq 10-15 gün öncə İran daxilində heç bir fikir ayrılığı yoxdur demişdi".
Mövcud durumu İran üçün çöküşün başlanğıcı kimi dəyərləndirən iqtisadçı qeyd edib ki, Hörmüz Boğazını bağlayan İran ABŞ-nin embarqo addımı atacağını və bu məsələdə qərarlı və davamlı olacağını düşünməmişdi. Bu ciddi strateji səhv idi:
"ABŞ-nin hər hansı gəmisinin vurulması nəticəsində daha ağır və amansız bombardmanla rejimin çökdürülməsi İranın parçalanma ehtimalını da istisna etmir. Məsələn, İraqın parçalanması məsələsi gündəmdə olduqda buna Körfəz Dövlətləri, Türkiyə qarşı çıxmışdı. İran isə Hörmüz Boğazını bağlamaqla qlobal iqtisadiyyat üçün təhlükəli dövlət imici formalaşdırdı. İran mövcud şəraiti qiymətləndirərək vaxt qazanmaq, dövlətin gələcəyini qorumaq üçün güzəştlər edərək danışıqlara gedəcək. Lakin, burada bir az şübhə var ki, hətta İran bundan sonra ABŞ-nin bütün şərtlərini qəbul etsə də, ABŞ İranla razılaşıb blokadanı saxlayacaq. Bu məsələdə ABŞ-ni yalnız qlobal iqtisadiyyatda baş verə biləcək kataklizmlər sövq edə bilər".